
Bakı.Trend:
Gürcüstan Orta Dəhlizin əlaqəliliyinin gücləndirilməsi
istiqamətində dayanıqlı irəliləyiş nümayiş etdirir.
Trend xəbər verir
ki, bunu Gürcüstanın maliyyə naziri Laşa Xutsişvili Səmərqənddə
(Özbəkistan) keçirilən Asiya İnkişaf Bankının illik iclasında
çıxışı zamanı bildirib,
“Region ölkələri – istər İpək Yolu, CAREC 2, istərsə də Orta
Dəhliz və ya Transxəzər marşrutu çərçivəsində- əsrlər boyu
dayanıqlılıq öyrəniblər və bu gün aydın olur ki, mövcud çağırışlar
kollektiv və əlaqələndirilmiş səylər tələb edir. Gürcüstan strateji
məqsədlərinin həyata keçirilməsində sabit irəliləyişə nail olub –
Şərq-Qərb avtomobil yolunun əsas infrastrukturunu tamamlayıb, Orta
Dəhlizin əlaqəliliyini gücləndirib və avtomobil, dəmir yolu, enerji
və rəqəmsal infrastrukturun daha da inkişafı, həmçinin enerji
təhlükəsizliyi və müstəqilliyinin möhkəmləndirilməsi üzrə
genişmiqyaslı gündəmi həyata keçirir”, – deyə o qeyd edib.
Xutsişvili vurğulayıb ki, qeyri-sabit qlobal mühit şəraitində
Gürcüstanın prioritetləri makroiqtisadi sabitliyin qorunması, mənfi
təsirlərin yumşaldılması, xarici konyunkturada mümkün
dəyişikliklərə hazırlıq, eləcə də struktur islahatlarının və iri
investisiya layihələrinin dayanıqlılığının təmin edilməsidir.
“Bunun nəticəsində Gürcüstan iqtisadiyyatı son beş il ərzində
orta hesabla 9,3 faizdən çox artım nümayiş etdirib. Eyni zamanda
bütün fiskal göstəricilər təhlükəsiz səviyyədədir (kəsir – 1,4
faiz, borc – ÜDM-in 34,4 faizi), əsaslı (kapital) xərclər isə
yüksək səviyyədə saxlanılır- ÜDM-in 7–8 faizi civarında”,- deyə
nazir əlavə edib.
O, həmçinin Gürcüstanın dövlət və özəl sektorları əhatə edən
təxminən 6 milyard dollar həcmində şaxələndirilmiş portfel
çərçivəsində AİB ilə uğurlu əməkdaşlığını qeyd edib.
“Biz bu əməkdaşlığın əsas prioritet sahələr üzrə daha da
dərinləşdirilməsinə ümid edirik, xüsusilə tərəfdaşlığımızın 20
illiyi ərəfəsində: nəqliyyat əlaqəliliyinin inkişafı, o cümlədən
dəmir və avtomobil yolları; “yaşıl” və bərpa olunan enerji
mənbələrinin genişləndirilməsi; enerji müstəqilliyini artırmaq üçün
enerji saxlama sistemləri; ötürücü infrastrukturun inkişafı, o
cümlədən Qara dəniz üzərindən planlaşdırılan sualtı kabel layihəsi;
rəqəmsal infrastruktur; su və bələdiyyə təsərrüfatının
modernləşdirilməsi; eləcə də korporativ idarəetmə islahatları.
Bununla yanaşı, anlayırıq ki, daxili səylər daha sıx
hökumətlərarası əməkdaşlıq, çoxtərəfli institutlar və özəl sektor
vasitəsilə möhkəm beynəlxalq tərəfdaşlıqlarla tamamlanmalıdır”,-
deyə o bildirib.

