Bakı. Trend:
NEQSOL Holding Teymur Tağıyevin Aparat rəhbəri vəzifəsi ilə
yanaşı Baş Əməliyyat Direktoru (COO) vəzifəsinə təyin olunduğunu
elan edib.
Bu vəzifədə Teymur Tağıyev Baş İcraçı Direktora (CEO) əsas
tərəfdaş kimi çıxış edərək Holdinqin strateji prioritetlərinin Qrup
üzrə aydın, koordinasiyalı və sistemli icraya çevrilməsini təmin
edəcək. Onun diqqət mərkəzində funksiyalar arasında
əlaqələndirmənin gücləndirilməsi, biznes proseslərinin
optimallaşdırılması və resursların səfərbər edilməsi, fəaliyyət
göstəricilərinin şəffaflığının artırılması və Qrupun biznesləri
üzrə əsas təşəbbüslərin icrasına dəstək olacaq.
O, həmçinin müvafiq tərəfdaşlarla əməkdaşlıq şəraitində Qrup
səviyyəsində seçilmiş strateji təşəbbüslərə rəhbərlik edəcək.
Teymur Tağıyev resursların səfərbər edilməsi və Qrup üzrə
imkanların səmərəli bölüşdürülməsi istiqamətində CEO-ya dəstək
verəcək, bu prosesi qrup şirkətlərinin rəhbərlikləri ilə
koordinasiya edəcək. Bundan əlavə, o, tədricən mürəkkəbləşən
əməliyyat mühitində Qrup səviyyəsində potensial böhran
vəziyyətlərinə cavab imkanlarının əlaqələndirilməsində və
korporativ dayanıqlılığın inkişafında mühüm rol oynayacaq.
Teymur Tağıyev strategiyanın hazırlanması və həyata keçirilməsi,
biznesin inkişafı, layihələrin idarə olunması, komplayens,
risklərin idarə olunması və korporativ işlər sahəsində 20 ildən çox
təcrübəyə malikdir.
2023-cü ildən etibarən o, NEQSOL Holding-də Aparat rəhbəri
vəzifəsində çalışaraq CEO ofisinin fəaliyyətinə rəhbərlik edib,
korporativ dayanıqlılıq istiqamətinə nəzarət edib, transformasiya
və rəqəmsallaşma təşəbbüslərini inkişaf etdirib. O, 2018-ci ildə
Holdinqə Strategiya və Layihə İdarəetmə Ofisinin rəhbəri kimi
qoşulub və həmin vaxtdan bu kritik funksiyalara rəhbərlik edir.
“Qrupun davamlı inkişaf etdiyi bir dövrdə bu yeni məsuliyyəti
üzərimə götürməkdən qürur duyuram. İcraetməni gücləndirmək,
uzunmüddətli dəyər yaratmaq və bütün bizneslərimizin uğurunu
dəstəkləmək üçün rəhbər komandalarımızla sıx əməkdaşlıq etməyi
səbirsizliklə gözləyirəm,” – deyə Teymur Tağıyev bildirib.
“Teymur davamlı olaraq güclü liderlik, strateji baxış və
nəticəyönümlü yanaşma nümayiş etdirib. Onun bu vəzifəyə təyin
olunması icranın sürətləndirilməsi, Qrup daxilində əməkdaşlığın
gücləndirilməsi və inkişafımızın növbəti mərhələsinə töhfə vermək
qabiliyyətinə olan inamımızı əks etdirir,” – deyə NEQSOL Holding-in
Baş İcraçı Direktoru Kirill Rubinski bildirib.
Teymur Tağıyev Bakı Dövlət Universitetində Beynəlxalq hüquq
ixtisası üzrə təhsil alıb və Böyük Britaniyanın City, London
Universitetinin Bayes Biznes Məktəbində (keçmiş Cass Biznes
Məktəbi) Executive MBA dərəcəsi əldə edib. O, həmçinin Harvard
Universitetində Chief of Staff sertifikasiya proqramını və Duke
Universitetində Strategy Execution proqramını tamamlayaraq
liderlik, təşkilati uyğunlaşma və strategiyanın sistemli icrası
sahələrində təcrübəsini daha da gücləndirib.
NEQSOL Holding enerji, telekommunikasiya, yüksək texnologiyalar,
tikinti və mədən sənayesi sahələrində 11 ölkədə fəaliyyət göstərən
beynəlxalq şirkətlər qrupudur.


