
Bakı. Trend:
Xüsusi icra məmuru peşə fəaliyyətini həyata keçirərkən
müstəqildir və yalnız qanuna tabedir. O, müstəqil şəkildə öz
ofisini təşkil edib, işçilərini işə götürməklə fəaliyyət
göstərir.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən
məlumat verilib.
Bildirilib ki, onun fəaliyyətinə Ədliyyə Nazirliyi və Xüsusi
İcra Məmurlarının Palatası nəzarət edir. Palata xüsusi icra
məmurlarının özü tərəfindən təsis ediləcəyinə görə hələlik onun
funksiyalarını Ədliyyə Nazirliyi həyata keçirir. Nəzarət
monitorinqlər, plan üzrə və plandankənar yoxlamalar yolu ilə təmin
edilir.
Xüsusi icra məmumurunun işi nədən ibarət
olacaq?
Xüsusi icra məmuru məhkəmə və digər səlahiyyətli orqanların
(məsələn, notariusların, bələdiyyələrin) qəbul etdiyi qərarlar
borclu şəxslər tərəfindən könüllü icra edilmədikdə onların icrasını
təmin etmək üçün məcburi tədbirlər görən şəxsdir.
O, məcburi icra orqanı sayılır. Bu fəaliyyəti həyata keçirərkən
dövlət icra məmuru ilə eyni səlahiyyətlərə malikdir.
Lakin xüsusi icra məmuru bütün qərarları icra etmir. Belə ki,
cinayət, inzibati xəta və inzibati mübahisələr üzrə qərarlar,
dövlət orqanlarının tərəf olduğu işlər, uşaqla ünsiyyətin təmin
edilməsi və uşağın qaytarılması, məişət zorakılığından mühafizə və
məcburi müalicəyə dair işlər onun səlahiyyətlərinə daxil deyil.
Xüsusi icra məmurları dövlət icra məmurlarından
hansı əsas fərqlərə malik olacaq?
Dövlət və xüsusi icra məmuru arasında əsas fərq ondan ibarətdir
ki, dövlət icra məmuru Ədliyyə Nazirliyinin yerli icra qurumlarında
fəaliyyət göstərən, xüsusi rütbə və geyim forması daşıyan, ədliyyə
qulluqçusu statusuna malik şəxsdir.
O, aylıq əməkhaqqı müqabilində bütün icra sənədlərini icra edir,
o cümlədən cinayət işləri üzrə azadlıqdan məhrumetmə ilə əlaqədar
olmayan cəzaların icrasını, habelə probasiya nəzarətini həyata
keçirir.
Xüsusi icra məmuru isə dövlət qulluqçusu deyil, xüsusi geyim
forması və nişan daşıyan ayrıca peşə sahibidir. O, Ədliyyə
Nazirliyi tərəfindən verilən şəhadətnamə əsasında öz ofisində
fəaliyyət göstərir, bunun üçün köməkçilər və işçilər işə götürür və
tariflər əsasında fəaliyyətindən gəlir əldə edir, bununla ofisini
və özünü maliyyələşdirir, vergi və digər məcburi ödənişləri
ödəyir.
Vətəndaş özü dövlət və ya xüsusi icra məmuru
arasında seçim edə biləcəkmi?
Qərarın xüsusi icra məmuru tərəfindən icra olunmasını istədikdə
xeyrinə qərar çıxarılmış şəxs (tələbkar) icra sənədi icraya
yönəldilənədək məhkəməyə (digər orqana) yazılı müraciət edir və
icra sənədinin ona təqdim edilməsini xahiş edir.
Bu halda icra sənədi icraya yönəldilməsi üçün tələbkarın özünə
təqdim olunur və tələbkar ərazi yurisdiksiyasını nəzərə almaqla
Xüsusi İcra Məmurlarının Reyestrindən seçdiyi icra məmuruna
müraciət edir.
İcraya yönəldilmə müəyyən edilmiş elektron yönəltmə qaydasına
əməl etməklə, yaxud da bilavasitə ofisə gəlib icra sənədini xüsusi
icra məmuruna təqdim etməklə mümkündür. Hər iki halda müvafiq ərizə
yazılmalıdır.
İcra sənədi tələbkara təqdim olunduğu vaxtdan 3 il müddətində
tələbkar tərəfindən icraya yönəldilə bilər.

