
Nurəli Adil oğlu Yusifbəyli Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Qeyd edək ki, bu təyinatadək Azərbaycan Texniki Universitetinin Tədris işləri üzrə prorektoru vəzifəsində çalışırdı.
Modern.az saytı Sumqayıt Dövlət Universitetinin yeni rektorunun dosyesini təqdim edir:
Professor Nurəli Yusifbəyli enerji sistemləri və strateji planlaşdırma sahəsində tanınmış alimdir.
O, texnika elmləri doktoru və professor elmi dərəcələrinə malikdir və elektroenergetika, enerji təhlükəsizliyi və dayanıqlı enerji sistemləri sahəsində geniş elmi və praktiki təcrübəyə sahibdir.
18 yanvar 2021-ci il tarixində Azərbaycan Texniki Universitetinin Tədris işləri üzrə prorektoru vəzifəsinə təyin olunmuşdu.
Professor N.Yusifbəyli “Azərenerji” ASC-də yüksək rəhbər vəzifələrdə, o cümlədən Mərkəzi Dispetçer İdarəsinin rəisi kimi çalışıb, enerji sistemlərinin idarə olunması iştirak edib.
Daha sonra o, dövlət idarəçiliyində fəaliyyətini davam etdirərək Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyində strateji planlaşdırma istiqamətinə rəhbərlik edib, həmçinin Alternativ və Bərpaolunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi sədrinin müavini vəzifəsində çalışıb.
Onun elmi fəaliyyəti enerji təhlükəsizliyi, elektroenergetika sistemlərinin inkişafı və bərpaolunan enerji mənbələrinin inteqrasiyası sahələrini əhatə edir. Prof. Yusifbəyli 200-dən çox elmi əsərin, 8 kitabın, patentlərin və standartların müəllifidir və bir sıra beynəlxalq layihələrə, o cümlədən ECO regionunun enerji strategiyası və Xəzər regionunun enerji təhlükəsizliyi layihələrinə rəhbərlik edib.
O, “Electroenergetics, Technics, Mechanics + Control” beynəlxalq jurnalının baş redaktoru, IEEE üzvü və “ECO Academy”nin akademikidir. “Əməkdar mühəndis”, “Əməkdar elm xadimi” və “MDB-nin Əməkdar energetiki” kimi fəxri adlara layiq görülüb.

