
Bakı. Trend:
7 şagirdin zəhərləndiyi məktəbin bufetinin və təchizatçı
müəssisənin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.
Trend xəbər
verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat
yayıb.
Məlumata görə, məktəbin direktoru və sahibkarlar barəsində
inzibati tədbirlər görülərək müvafiq protokollar tərtib edilib.
Faktla bağlı toplanmış materiallar müvafiq tədbirlərin görülməsi
üçün hüquq-mühafizə orqanlarına göndərilib.
“Aprelin 24-də Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin
(AQTA) “1003 – Çağrı Mərkəzi”nə Bakı şəhəri, Xəzər rayonu, Binə
qəsəbəsində yerləşən 121 nömrəli orta məktəbdə qida zəhərlənməsi
ilə bağlı məlumat daxil olub. Müraciət əsasında Agentliyin
əməkdaşları tərəfindən müvafiq araşdırmalara başlanılıb.
Məktəbin bufetində və təchizatçı müəssisədə yoxlamalar
aparılaraq qida nümunələri laborator müayinələrə cəlb edilib. İlkin
məlumata görə, bufetdən alınan qoğalı istehlak edən 7 şagirddə qida
zəhərlənməsi əlamətləri müşahidə olunub. 5 nömrəli Yoluxucu Uşaq
Xəstəlikləri Xəstəxanasına yerləşdirilən şagirdlərə
“dəqiqləşdirilməmiş bakterial mənşəli qida zəhərlənməsi” diaqnozu
qoyulub və onlara zəruri tibbi yardım göstərildikdən sonra
ambulator müalicə üçün evə buraxılıblar. Yoxlama aparılarkən
məktəbin bufetinin müvafiq qeydiyyatdan keçmədən fəaliyyət
göstərdiyi, istifadə edilən məhsulların mənşəyini təsdiq edən
sənədlərin mövcud olmadığı, eləcə də saxlanma şəraitinin
sanitar-gigiyenik tələblərə cavab vermədiyi müəyyən edilib. Eyni
zamanda, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən
“Ləzzət” unlu -qənnadı məmulatlarının istehsalı müəssisəsində
plandankənar yoxlama aparılıb. Baxış zamanı müəssisədə ciddi
sanitar-gigiyena normalarının pozulduğu aşkarlanıb.
Götürülmüş qida və yaxma nümunələrinin laborator müayinəsi
nəticəsində uyğunsuzluq (e.coli, enterobakteriya və stafilokok)
aşkarlanıb. Müəyyən edilən nöqsanlar əsasında məktəbin bufetinin və
təchizatçı müəssisənin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.
Məktəbin direktoru və sahibkarlar barəsində inzibati tədbirlər
görülərək müvafiq protokollar tərtib edilib. Faktla bağlı toplanmış
materiallar müvafiq tədbirlərin görülməsi üçün hüquq-mühafizə
orqanlarına göndərilib”.

