
Bakı.Trend:
Azərbaycanın Tacikistanın su təşəbbüslərini dəstəkləyən ölkələr
sırasında yer alması Tacikistan üçün böyük şərəfdir.
Trend-in
məlumatına görə, bunu Tacikistan Respublikasının Azərbaycandakı
fövqəladə və səlahiyyətli səfiri İlhom Abdurahmon Beynəlxalq
Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Tacikistan Respublikasının
Azərbaycan Respublikasındakı səfirliyinin təşkilatçılığı ilə
Düşənbə şəhərində “Dayanıqlı İnkişaf üçün Su: 2018-2028” üzrə
Beynəlxalq Fəaliyyət Onilliyi çərçivəsində keçiriləcək 4-cü Yüksək
Səviyyəli Beynəlxalq Konfransa həsr olunmuş brifinqdə bildirib.
Onun sözlərinə görə, bu ardıcıllıq Tacikistanı su qıtlığı,
buzlaqların əriməsi problemlərinin həlli və uzunmüddətli ekoloji
dayanıqlılığın təmin edilməsi məqsədilə dünya ictimaiyyətini
birləşdirən “Su prosesi”nin tanınmış liderinə çevirib.
“‘Dayanıqlı İnkişaf üçün Su’ üzrə Beynəlxalq fəaliyyət onilliyi
sudan səmərəli istifadə, müvafiq ekosistemlərin qorunması və
mühafizəsi sahəsində beynəlxalq əməkdaşlığa yeni təkan verib.
Əhəmiyyətli nailiyyətlərdən biri Tacikistan və Niderland
Krallığının həmsədrliyi ilə 2023-cü ildə Nyu-Yorkda keçirilmiş
BMT-nin Su Konfransı hesab oluna bilər”,- deyə o bildirib.
Səfirin qeyd etdiyi kimi, konfransın əsas nəticələrindən biri Su
üzrə Fəaliyyət Gündəliyinin formalaşdırılması olub. Bu təşəbbüs
çərçivəsində hazırda dövlətlər və digər maraqlı tərəflər tərəfindən
suyun qorunması sahəsində 840-dan çox könüllü öhdəlik qeydə
alınıb.
Səfir xatırladıb ki, Tacikistan Respublikası tərəfindən irəli
sürülmüş “Dayanıqlı İnkişaf üçün Su” üzrə Beynəlxalq Fəaliyyət
Onilliyi ölkənin qlobal su gündəliyinin təşviqi istiqamətində
ardıcıl səylərinin davamıdır.

