
Bakı.Trend:
Azərbaycan qlobal su gündəliyində iştirakını ardıcıl şəkildə
gücləndirir və onu regional əməkdaşlıq üçün praktiki bir alətə
çevirir.
Trend xəbər verir
ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin idarə
heyətinin sədri Fərid Şəfiyev “Dayanıqlı İnkişaf üçün Su:
2018-2028” üzrə Beynəlxalq Fəaliyyət Onilliyi çərçivəsində
keçiriləcək 4-cü Yüksək Səviyyəli Beynəlxalq Konfransa hazırlığa
həsr olunmuş brifinqdə bildirib.
O qeyd edib ki, Azərbaycan Düşənbədə keçiriləcək 4-cü Yüksək
Səviyyəli Beynəlxalq Konfransda su təsərrüfatının
rəqəmsallaşdırılması sahəsində əldə etdiyi nailiyyətləri təqdim
edəcək. Tədbirin nəticəsində iqlim risklərinin azaldılmasına
yönəlmiş yeni transsərhəd əməkdaşlıq mexanizmlərinin
formalaşdırılması və onilliyin sonuna qədər birgə su
təşəbbüslərinin həyata keçirilməsi üçün uzunmüddətli baza
yaradılması gözlənilir.
F.Şəfiyev əlavə edib ki, “Dayanıqlı İnkişaf Üçün Su” üzrə
Beynəlxalq Fəaliyyət Onilliyi çərçivəsində Azərbaycan və Tacikistan
arasında əməkdaşlıq getdikcə daha praktik səciyyə alır və
beynəlxalq təşəbbüslərin siyasi-diplomatik dəstəyi çərçivəsindən
kənara çıxır.
Onun sözlərinə görə 25-28 may tarixlərində Düşənbədə keçiriləcək
beynəlxalq konfransa hazırlıqlar fonunda Azərbaycan qlobal su
gündəliyində iştirakını ardıcıl şəkildə gücləndirir və onu regional
əməkdaşlıq üçün praktiki bir alətə çevirir.

