
Bakı. Trend:
Sağlamlıq məsələsində tərəflər yoxdur. Yalnız bir ümumi məqsəd
var – insanın sağlamlığı və həyatı. Pasiyentlər və həkimlər bu
məqsədin eyni tərəfindədir.
Trend xəbər
verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram”
hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi 2 nömrəli
Klinik Psixiatriya Xəstəxanasının klinik psixoloqu, psixoterapevt
Rövşən Nəcəfov açıqlayıb.
Onun sözlərinə görə bu sahədə ortaq məqsəd insan sağlamlığının
və həyatının qorunmasıdır:
“Vətəndaşın keyfiyyətli tibbi xidmət almaq, hörmətlə qarşılanmaq
və sağlamlığı barədə aydın, dürüst məlumat əldə etmək hüququ var.
Bu hüquqların təmin olunması səhiyyə siyasətinin mahiyyətini təşkil
edir. İttiham və inamsızlıq üzərində qurulan münasibətlər sistemi
gücləndirmir və nəticəni yaxşılaşdırmır. Əksinə, belə yanaşma tibbi
xidmətin keyfiyyətinə mənfi təsir göstərir, həkimin peşə
məsuliyyətini daha da ağırlaşdırır və motivasiyanı zəiflədir. Həkim
pasiyentin qarşısında duran tərəf deyil, onun sağlamlığı uğrunda
çalışan əsas tərəfdaşıdır. Qarşılıqlı hörmət, etimad və aydın
ünsiyyət effektiv tibbi yardımın əsas şərtləridir”.
R.Nəcəfov qeyd edib ki, tibb yalnız texniki biliklər toplusu
deyil, eyni zamanda psixoloji və kommunikativ prosesdir:
“Pasiyentin özünü dinlənilmiş hiss etməsi və həkimin emosional
vəziyyəti düzgün dəyərləndirməsi bu münasibətin təməlini
formalaşdırır. İnsan eşidilmədiyini düşündükdə, ən düzgün izah belə
təsir gücünü itirir. Empatiya və qarşılıqlı anlayış bu körpünü
qurur. Səhiyyədə real irəliləyiş yalnız bu dəyərlər üzərində
formalaşan etimad mühiti ilə mümkündür”.

