
Bakı. Trend:
Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) “Neftçi”
futbol klubuna transfer qadağası tətbiq edib.
Trend xəbər
verir ki, bu barədə qərar dünyanın ən böyük idman təşkilatının
rəsmi saytında dərc edilib.
Qərara əsasən, kişilərdən ibarət “Neftçi” futbol komandası 5 may
2026-cı ildən başlayaraq qarşıdakı üç transfer pəncərəsində yeni
futbolçu qeydiyyatdan keçirə bilməyəcək.
Klubdan məsələ ilə bağlı rəsmi açıqlama da verilib. Bildirilib
ki, transfer qadağasının texniki problemlerlə əlaqədardır, tez bir
zamanda aradan qalxacaq:
“Transfer ödənişi geçikəndə FIFA-nın müvafiq portalı avtomatik
olaraq klubu qırmızı siyahıya salır və transfer qadağası gəlir. Bu,
dünya praktikasında tez-tez rast gəlinən məsələdir. Əsas öhdəliklər
bağlanandan sonra qadağa avtomatik olaraq aradan qalxır. Artıq biz
tərəfdən ödəniş həyata keçirilib, qarşı tərəf təsdiqləyəndən sonra
maksimum 3-5 günə transfer qadağası aradan qaldırılacaq.
Narahatlığa əsas yoxdur, heç bir borc öhdəliyimiz yoxdur. Sadəcə,
texniki məsələlərə görə bir ödəniş gecikmişdi, o da artıq həllini
tapıb. Azarkeşlərimiz narahat olmasınlar”.
FIFA-nın rəsmi saytında qeyd edilib ki, FIFA-nın Transfer
Qadağası Siyahısı futbol ictimaiyyəti üçün mühüm resurs hesab
olunur. Siyahıda FIFA tərəfindən transfer qadağası tətbiq edilən və
hazırda yeni futbolçu qeydiyyatdan keçirmək hüququndan müvəqqəti
məhrum olunan klublar yer alır.
Bu qadağalar əsasən maliyyə mübahisələri və ya müxtəlif normativ
qayda pozuntuları səbəbindən tətbiq edilir. FIFA-nın Transfer
Qadağası Siyahısı milli assosiasiyalar, konfederasiyalar, klublar,
futbolçular və agentlər üçün vacib məlumat mənbəyi rolunu
oynayır.
Siyahı futbol sahəsində şəffaflığın və qaydalara uyğunluğun
təmin edilməsinə kömək edir, həmçinin tərəflərin qadağa müddəti
ərzində hansı klubların yeni oyunçu transfer edə bilmədiyini
izləməsinə imkan yaradır.

