
Bakı. Trend:
Su ehtiyatlarının idarə olunması ilə yanaşı, kənd təsərrüfatında
sudan səmərəli istifadə üçün müasir texnologiyaların tətbiqi də
zəruri məsələlərdəndir. Hazırda ölkədə əkin sahələrinin təxminən 11
faizində müasir suvarma texnologiyaları tətbiq edilir.
Trend xəbər
verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin
(ADSEA) sədr müavini İlham Bayramov bu gün Bakıda keçirilən 19-cu
Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumunun 3-cü
günündə deyib.
O vurğulayıb ki, digər ərazilərdə də ağıllı və müasir suvarma
sistemlərinin genişləndirilməsi həm Kənd Təsərrüfatı Nazirliyinin,
həm də aidiyyəti dövlət qurumlarının qarşısında duran əsas
hədəflərdən biridir:
“Bu gün kənd təsərrüfatında böyük transformasiya mərhələsi
müşahidə olunur. Rəqəmsallaşma artıq sadəcə trend deyil,
həyatımızın ayrılmaz hissəsinə çevrilib. Hazırda idarəetmə
prinsipləri rəqəmsal həllərə, texnoloji dəstəyə və dəqiq məlumat
bazalarına əsaslanır. Azərbaycan dövləti üçün də su ehtiyatlarından
səmərəli istifadə istiqamətində müasir texnologiyaların tətbiqi
əsas prioritetlərdən biridir.
Bu istiqamətdə su ehtiyatlarının qiymətləndirilməsi, su uçotunun
qurulması, sudan səmərəli istifadə, suyun ədalətli bölüşdürülməsi
və son istehlakçıya tələbat səviyyəsində çatdırılması üçün müasir
texnologiyaların, o cümlədən süni intellekt həllərinin tətbiqi
vacib hesab olunur.
Hazırda elektron su təsərrüfatı informasiya sistemi yaradılır.
Bu sistem vasitəsilə ölkənin bütün su resurslarının vahid
platformada birləşdirilməsi təmin ediləcək. Sistem Kənd Təsərrüfatı
Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Energetika
Nazirliyi və digər aidiyyəti qurumların istifadəsinə açıq olacaq.
Çünki bu gün suyun idarə olunması müxtəlif qurumların
koordinasiyalı fəaliyyəti əsasında həyata keçirilir və su uçotunun
qurulması əsas istiqamətlərdən biridir”.
Sədr müavini qeyd edib ki, bu çərçivədə suyun mənbədən son
istehlakçıya qədər ölçülməsi və uçotunun aparılması istiqamətində
işlər görülür:
“Artıq çaylarda 14 hidropost qurulub və həmin məntəqələr
vasitəsilə su səviyyələri onlayn rejimdə izlənilir. Bu məlumatlar
əsasında proqnozlaşdırma aparılır, su tələbatı müəyyənləşdirilir və
su ehtiyatlarının effektiv idarə olunması təmin edilir.
Elektron su təsərrüfatı informasiya sistemində ölkənin bütün su
ehtiyatları, su anbarları, yeraltı və yerüstü su mənbələri,
artezian quyuları və digər infrastruktur obyektləri vahid şəkildə
idarə olunacaq. Bununla yanaşı, rəqəmsallaşma layihələri
çərçivəsində içməli su, tullantı suları, suvarma sistemləri və
yağış suları infrastrukturu üzrə məlumat bazası formalaşdırılır və
bu işlərin böyük hissəsi artıq tamamlanmaq üzrədir.
Süni intellekt həllərinə gəldikdə isə, bu texnologiyalar böyük
məlumat bazalarına əsaslanır. Hazırda həm Kənd Təsərrüfatı
Nazirliyində, həm də aidiyyəti dövlət qurumlarında geniş məlumat
bazaları formalaşdırılıb. Məsələn, 1 milyon 955 mindən çox abonent
və su istehlakçısı barədə məlumat toplanıb, onların uzunmüddətli
istifadə göstəriciləri, su tələbatı və ödəniş məlumatları təhlil
edilir”.
İ. Bayramov bildirib ki, bu istiqamətdə böyük data
infrastrukturlarının qurulması üçün Rəqəmsal İnkişaf və Nəqliyyat
Nazirliyi ilə birgə fəaliyyət həyata keçirilir:
“Hazırda çağrı mərkəzləri, sənədlərin idarə olunması, dağlıq
ərazilərdə qar həcminin ölçülməsi, sel və subasma risklərinin idarə
olunması kimi sahələrdə artıq süni intellekt həlləri tətbiq edilir.
Bu proseslərin davamlı şəkildə genişləndirilməsi nəzərdə tutulur.
Eyni zamanda elektron kənd təsərrüfatı informasiya sistemi ilə
elektron su təsərrüfatı informasiya sisteminin inteqrasiyası
istiqamətində də işlər aparılır. Artıq məlumat mübadiləsinə
başlanılıb və gələcəkdə hər bir fermer üçün daha dəqiq həllərin
hazırlanması, su tələbatının operativ izlənməsi və bu tələbatın
vaxtında qarşılanması informasiya sistemləri vasitəsilə tam şəkildə
idarə olunacaq”.

