ICIEC Azərbaycanda sığorta və investisiya həllərinin genişləndirilməsi üçün əhəmiyyətli potensial görür (ÖZƏL)

Baş səhifə

Bakı.Trend:

İnvestisiya və İxrac Kreditlərinin Sığortalanması üzrə İslam
Korporasiyası (ICIEC) Azərbaycanda fəaliyyətini genişləndirmək üçün
əhəmiyyətli potensial görür. Bu, sığorta təminatının həcminin
artırılmasını və ölkəyə yeni investisiyaların cəlb edilməsini əhatə
edir.

Bu barədə Trend
İslam İnkişaf Bankı Qrupunun Bakıda keçiriləcək İllik Toplantısına
hazırlığa həsr olunmuş təqdimat çərçivəsində ICIEC-in Biznesin
İnkişafı Departamentinin direktoru Yasir Alaki məlumat verib.

“Azərbaycan 2020-ci ildə ICIEC-ə üzv olub. Bu müddət ərzində biz
ölkədə bir sıra tərəfdaşlarla, o cümlədən bazardakı əsas
tərəfdaşlarımızdan biri olan AZPROMO ilə əməkdaşlıq etmişik. Əsas
diqqətimizi maliyyə və sənaye sektorlarına yönəltmişik. Azərbaycan
bankları ilə birlikdə onların ticarət maliyyələşdirilməsini
dəstəkləməyə çalışırıq ki, onlar azərbaycanlı ixracatçıların dünya
bazarlarına çıxışına kömək edə bilsinlər. Biz həmçinin bütün dünya
üzrə idxalçıların ödəniş etməməsi riskindən qoruyan sığorta
xidmətləri təqdim edirik”- deyə Alaki bildirib.

O qeyd edib ki, ICIEC eyni zamanda müxtəlif ölkələrdən daxil
olan akkreditivlərin təsdiqlənməsi istiqamətində Azərbaycan
banklarının potensialının gücləndirilməsi, eləcə də kiçik və orta
biznesin dəstəklənməsi məqsədilə beynəlxalq banklardan Azərbaycan
banklarına maliyyələşdirmə xətlərinin genişləndirilməsi üzərində
işləyir.




“Bundan əlavə, biz həm təşkilata üzv ölkələrdən, həm də
təşkilata üzv olmayan ölkələrdən investorları Azərbaycana cəlb
etməyə çalışırıq. Sığorta təminatı təqdim etməklə, ölkəyə
investisiya qoyuluşu ilə bağlı riskləri azaldırıq. Beləliklə,
ölkədə biznes fəallığının artmasına və yeni imkanların
yaradılmasına töhfə veririk”, – deyə Y. Alaki bildirib.

O həmçinin vurğulayıb ki, Azərbaycandakı layihələr üçün zəmanət
və sığorta həlləri portfelinin genişləndirilməsi
planlaşdırılır:

“Bu günə qədər biz Azərbaycanda ticarət və investisiyalar daxil
olmaqla təxminən 120 milyon ABŞ dolları həcmində əməliyyatları
sığorta təminatı ilə əhatə etmişik. Hesab edirik ki, bu hələ kiçik
göstəricidir və ölkədə xidmətlərimizi genişləndirmək üçün böyük
potensial görürük. Buna görə də daha çox investisiyanın cəlb
olunması məqsədilə tərəfdaşımız AZPROMO, yerli banklar və
beynəlxalq banklarla işləməyi planlaşdırırıq. Azərbaycanda
fəaliyyətimizi genişləndirmək üçün böyük iddialarımız var və qrupun
illik görüşləri çərçivəsində ölkədə biznesin daha da inkişafı üçün
əsas müştərilər və tərəfdaşlarla danışıqlar aparacağıq”,-deyə Y.
Alaki fikrini yekunlaşdırıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir