
Bakı. Trend:
İşğaldan azad edilmiş ərazilərimizin bərpası və inkişafı
dövründə aqrar sığorta, risklərin düzgün qiymətləndirilməsi və elmi
yanaşma daha da aktuallaşır. Qarabağ və Şərqi Zəngəzurda kənd
təsərrüfatının dirçəldilməsi, torpaqların dövriyyəyə qaytarılması
və dayanıqlı təsərrüfatların yaradılması üçün sığorta mexanizmləri
mühüm rol oynayacaq.
Trend xəbər
verir ki, bunu Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin
Babayev bu gün Bakıda keçirilən “Risklərə Qarşı Aqrar Sığorta
Çətiri” mövzusunda Sığorta Forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, kənd təsərrüfatı ölkə iqtisadiyyatının,
ərzaq təhlükəsizliyinin və regionların inkişafının əsas
sahələrindən biridir.
“Bu sahə eyni zamanda təbii risklərə ən çox məruz qalan sahədir.
Buna görə də aqrar sahədə risklərin idarə olunması və fermerin
qorunması xüsusi əhəmiyyət daşıyır. Aqrar sığorta məhz bu baxımdan
mühüm təminat mexanizmidir. O, fermerin risk qarşısında tək
qalmamasına, təsərrüfat fəaliyyətinin davamlılığının qorunmasına və
kənd təsərrüfatı istehsalında sabitliyin təmin olunmasına xidmət
edir. Aqrar sığorta fermer üçün əlavə xərc kimi deyil, onun
əməyini, məhsulunu və gələcəyini qoruyan etibarlı vasitə kimi qəbul
edilməlidir.
Azərbaycanda bu sahədə mühüm addımlar atılıb. “Aqrar sığorta
haqqında” Qanunun qəbul edilməsi, Aqrar Sığorta Fondunun
yaradılması və sığorta mexanizmlərinin tətbiqi dövlətin fermerə və
aqrar sektora verdiyi önəmin göstəricisidir. Bu sistemin daha da
inkişafı kənd təsərrüfatında dayanıqlığın artırılmasına,
investisiya mühitinin yaxşılaşmasına və istehsalçıların
sosial-iqtisadi müdafiəsinin güclənməsinə töhfə verir.
Bu gün aqrar sığortanın əhəmiyyəti daha da artır. Çünki iqlim
dəyişiklikləri, su ehtiyatlarının azalması və ekstremal hava
hadisələrinin çoxalması kənd təsərrüfatı üçün yeni çağırışlar
yaradır. Belə şəraitdə elmi əsaslandırılmış qərarlar, müasir
monitorinq sistemləri, rəqəmsal texnologiyalar və sığorta alətləri
birgə tətbiq olunmalıdır”.
Elçin Babayev həmçinin bildirib ki, ən vacib məsələlərdən biri
də gənc kadrların hazırlanmasıdır. O qeyd edib ki, aqrar sığorta
yalnız sığorta işi deyil; bu sahə iqtisadiyyat, hüquq, kənd
təsərrüfatı, coğrafiya, hidrometeorologiya, ekologiya, informasiya
texnologiyaları və data analitikasını birləşdirən geniş bir
istiqamətdir:
“Gələcəyin mütəxəssisi həm fermerin ehtiyaclarını anlamalı, həm
riskləri düzgün qiymətləndirməli, həm də müasir texnologiyalardan
istifadə etməyi bacarmalıdır”.

