
Bakı. Trend:
May ayının 14-dək η-Lrid meteor yağışı müşahidə olunacaq. Meteor
yağışının maksimum aktivliyinin isə mayın 9-u saat 03:00
radələrində baş verəcəyi gözlənilir.
Trend-ə Bakı
Dövlət Universtetinin (BDU) Fizika fakültəsinin Astrofizika
kafedrasından verilən xəbərə görə, bu zaman Yer kosmosda komet
mənşəli toz və daş hissəciklərindən keçəcək və həmin hissəciklər
böyük sürətlə Yer atmosferinə daxil olaraq parlaq meteor izləri
yaradacaqlar.
η-Lyrid meteor yağışının radiantı Lir (Lyra) bürcündə yerləşir
və meteorlar bu nöqtədən çıxırmış kimi görünür. Bu meteor yağışının
mənbəyi C/1983 H1 (IRAS–Araki–Alcock) kometi ilə əlaqələndirilir.
Bu komet 1983-cü ildə infraqırmızı astronomik peyk IRAS, həmçinin
müstəqil olaraq yapon astronomları Geniçi Araki və George Alkock
tərəfindən aşkar edilib. Komet uzunperiodlu kometlər sinfinə
daxildir. Onun Günəş ətrafında tam bir dövrünü təxminən 970 ildən
çox müddətdə tamamladığı hesab olunur. Hər dəfə Günəşə
yaxınlaşdıqda kometin səthindən qopan toz və buz hissəcikləri orbit
boyunca yayılır və Yer həmin hissəciklər axınından keçdikdə η-Lyrid
meteor yağışı yaranır.
η-Lyrid meteoroidləri Yer atmosferinə təxminən 43 km/s sürətlə
daxil olur ki, bu da onları orta sürətli meteor axınları sırasına
daxil edir. Atmosferə daxil olan hissəciklər sürtünmə nəticəsində
qızaraq ionlaşır və gecə səmasında parlaq işıq izləri — meteorlar
əmələ gətirir.
Bakıdan müşahidə zamanı η-Lyrid radiantı demək olar ki, bütün
gecə üfüqdən yuxarıda olacaq və bu səbəbdən meteor yağışı gecə
ərzində izlənilə biləcək. Lakin radiantın səmadakı hündürlüyü gecə
ərzində artdığından ən əlverişli müşahidə vaxtı sübhə yaxın saatlar
hesab olunur. Radiantın kulminasiya anı təxminən saat 05:00
ətrafında baş verəcək və bu zaman meteorların sayı maksimuma
çatacaq. Bunun səbəbi Yerin öz oxu ətrafında fırlanması nəticəsində
müşahidə nöqtəsinin meteor axınının istiqamətinə daha optimal
yönəlməsidir.
Sübhə yaxın saatlarda radiant yüksəkdə olduğundan meteorlar daha
çox sayda, lakin nisbətən qısa izlərlə görünəcək. Gecənin əvvəlində
isə meteor sayı az olsa da, onlar atmosferə daha maili daxil
olduqları üçün daha uzun izlər buraxacaq. η-Lyrid meteor yağışı çox
güclü meteor axınlarından sayılmasa da, qaranlıq səma şəraitində
müşahidəçilərə saatda bir neçə parlaq meteor izləmək imkanı yarada
bilər.

