
Bakı. Trend:
ABŞ banklarından birinin texniki dəstək şöbəsinin əməkdaşı Roma
Papası XIV Leoya onun həqiqətən Papa olduğuna inanmayaraq bunu
zarafat və ya dələduzluq bilib və dəstəyi qoyub.
Trend xəbər verir
ki, bu barədə xarici mediya məlumat yayıb.
Hadisə XIV Leonun taxta çıxmasından təxminən iki ay sonra baş
verib. Papa bankla əlaqə saxlayaraq telefon nömrəsi və ünvan
məlumatlarını yeniləmək istədiyini bildirib. O, özünü dünyəvi adı
ilə – Robert Prevo kimi təqdim edib.
Məlumata görə, pontifik bütün təhlükəsizlik suallarını düzgün
cavablandırsa da, bank əməkdaşı bunun kifayət etmədiyini deyib və
onun şəxsən ABŞ-dəki filiallardan birinə gəlməli olduğunu
bildirib.
“Bunu edə bilmərəm. Axı bütün yoxlama suallarını
cavablandırdım”, — deyə Papa bildirib. Bundan sonra XIV Leo niyə
banka şəxsən gələ bilmədiyini izah etməyə çalışıb və zarafatla
“əgər mənim Roma Papası olduğumu desəm, bir şey dəyişəcək?” sualını
verib.
Bank əməkdaşı isə dəstəyi asıb.

