
Bakı.Trend:
Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası
etibarsız nikahın sonradan etibarlı hesab olunması ilə bağlı vahid
məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.
Bu barədə Trend-ə Ali Məhkəmədən məlumat verilib.
Bildirilib ki, iş materiallarına əsasən, iddiaçı atası ilə
cavabdeh arasında 3 aprel 1976-cı ildə bağlanmış nikahın etibarsız
sayılmasını tələb edib. O bildirib ki, atası həmin tarixdə onun
anası ilə 15 sentyabr 1974-cü ildə bağlanmış və hüquqi qüvvədə olan
nikahda olub. İddiaçının valideynlərinin nikahı isə yalnız 19 iyun
2004-cü ildə pozulub.
Birinci instansiya məhkəməsi iddianı təmin etsə də, apellyasiya
instansiyası həmin qərarı ləğv edərək iddianı rədd edib.
Apellyasiya məhkəməsi qərarında göstərib ki, həmin dövrdə qüvvədə
olan Azərbaycan SSR Nikah və Ailə Məcəlləsinə əsasən, nikahın
bağlanmasına mane olan hal sonradan aradan qalxarsa, məhkəmə həmin
nikahı etibarlı hesab edə bilər.
Məhkəmə qeyd edib ki, iddiaçının valideynlərinin nikahı 2004-cü
ildə pozulduqdan sonra mübahisələndirilən nikahın qarşısındakı
hüquqi maneə aradan qalxıb. Bu səbəbdən də 1976-cı ildə bağlanmış
nikah sonradan etibarlı hesab olunub.
Qərarda həmçinin vurğulanıb ki, nikahın etibarsız sayılması
uşaqların hüquqlarına, o cümlədən vərəsəlik hüququna təsir
göstərmir.
Kassasiya instansiyası da apellyasiya məhkəməsinin mövqeyi ilə
razılaşıb və iddiaçının kassasiya şikayətini təmin etməyərək qərarı
qüvvədə saxlayıb.

