WUF13 tədbirinin media tərəfdaşları elan edilib

Baş səhifə

Bakı. Trend:

17-22 may 2026-cı il tarixlərində Bakı şəhərində keçiriləcək
Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) media
tərəfdaşları elan edilib.

Bu barədə Trend-ə WUF13 Azərbaycan Əməliyyat Şirkətindən
məlumat verilib.

Bildirilib ki, media tərəfdaşları tədbirin qlobal, regional və
ölkə daxilində geniş işıqlandırılmasına dəstək olmaqla yanaşı,
WUF13 çərçivəsində aparılan müzakirələri və əldə olunan əsas
nəticələri, o cümlədən gözlənilən Bakı Fəaliyyətə
Çağırış
sənədini geniş auditoriyaya çatdıracaqlar.

Media tərəfdaşlarının hazırlayacağı reportaj və materiallar
dayanıqlı şəhər inkişafının layiqli və əlçatan mənzil təminatı,
qeyri-rəsmi yaşayış məntəqələri və gecəqonduların transformasiyası,
o cümlədən torpaq və əsas xidmətlərlə təminat kimi prioritet
istiqamətləri barədə məlumatlılığın artırılmasına töhfə
verəcək.

WUF13 tədbirinin beynəlxalq media tərəfdaşları:

  • “Euronews”, “ArchDaily”, “Century of Cities” və “Xinhua News
    Agency”

WUF13 tədbirinin yerli media tərəfdaşları:

  • Azərbaycan Televiziya və Radio Verilişləri (AzTV), ), İctimai
    Televiziya və Radio Yayımları Şirkəti (İctimai TV), “AnewZ” TV,
    “Caspian International Broadcasting Company” (CBC TV), Azərbaycan
    Dövlət İnformasiya Agentliyi (“AZƏRTAC”), “Report” informasiya
    agentliyi, “Trend” informasiya agentliyi, “Azəri-Press Agentliyi”
    (APA), ASAN Radio və “Planet” FM.

Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramının
(UN-Habitat) təşəbbüsü və Azərbaycan Respublikasının Hökuməti ilə
əməkdaşlıq çərçivəsində təşkil olunan Ümumdünya Şəhərsalma
Forumunun On Üçüncü sessiyası dayanıqlı urbanizasiya üzrə ən
nüfuzlu qlobal platformadır. “Hər kəs üçün yaşayış yerləri:
təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” builki
tədbirin mövzusudur və bu, qlobal mənzil böhranının həlli
zərurətini ön plana çıxarmaqla yanaşı, inklüziv, dayanıqlı və
davamlı şəhər inkişafının əsas hərəkətverici qüvvələrindən biri
kimi mənzil təminatının oynadığı mühüm rolu xüsusi olaraq
vurğulayacaqdır.




Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) milli
hökumətlər, şəhərlər, beynəlxalq təşkilatlar, özəl sektor, akademik
dairələr və vətəndaş cəmiyyətini bir araya gətirərək qlobal mənzil
böhranının aradan qaldırılması üçün həll variantlarının təşviqinə,
eləcə də Yeni Şəhərsalma Gündəliyi və Dayanıqlı İnkişaf
Məqsədlərinin (DİM) daha operativ şəkildə həyata keçirilməsinə
töhfə verəcək.

WUF13 tədbirini işıqlandırmaq istəyən media nümayəndələri
qeydiyyatdan keçməlidirlər. Media imkanları, brifinqlər və digər
məsələlər barədə daha ətraflı məlumat əldə etmək üçün Ümumdünya
Şəhərsalma Forumunun rəsmi internet səhifəsinə daxil ola
bilərsiniz: wuf.unhabitat.org/media.

WUF13 çərçivəsində təqdim olunacaq media xidmətləri ilə bağlı
əlavə məlumatı ev sahibi ölkənin rəsmi veb-saytından əldə etmək
mümkündür: wuf13.az/en/media/media-services/

Ümumdünya Şəhərsalma Forumu (WUF)

2001-ci ildə BMT Baş Assambleyası tərəfindən təsis edilən və
BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən çağırılan
Ümumdünya Şəhərsalma Forumu dayanıqlı urbanizasiyaya həsr olunmuş
aparıcı qlobal konfransdır. Hər iki ildən bir keçirilən bu Forumda
sürətli urbanizasiyanın şəhər və icmalara, eləcə də müxtəlif
ölkələrə və iqlim dəyişmələrinə təsirləri müzakirə olunur. İlk dəfə
2002-ci ildə Keniyanın Nayrobi şəhərində keçirilən Forum hər iki
ildən bir müxtəlif dünya şəhərlərində təşkil olunur.

BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat )

Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramı
(UN-Habitat) BMT-nin dayanıqlı urbanizasiya üzrə məsul qurumudur və
90-dan çox ölkədə həyata keçirdiyi proqramlar vasitəsilə sosial və
ekoloji baxımdan dayanıqlı şəhər və qəsəbələrin
formalaşdırılmasında həm siyasətçilərə, həm də icmalara dəstək
göstərir. BMT-nin Məskunlaşma Proqramı biliklərin paylaşılması,
siyasət üzrə tövsiyələr, texniki dəstək və birgə fəaliyyət
mexanizmləri vasitəsilə şəhərlərdə transformativ dəyişiklikləri
təşviq edir. Daha ətraflı məlumat üçün www.unhabitat.org veb-saytına daxil
ola və ya sosial mediada @UNHABITAT hesabını izləyə bilərsiniz.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir