
Bakı.Trend:
Hazırda Azərbaycan ərazisində hantavirus infeksiyasına şübhəli
və ya təsdiqlənmiş yoluxma halları qeydə alınmayıb.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Səhiyyə nazirliyindən
bildirilib.
Nazirlikdən qeyd edilib ki, bu virus ölkəmiz üçün endemik hesab
olunmur və mövcud epidemioloji vəziyyət virusun yayılma riskinin
aşağı olduğunu göstərir.
“Hantavirus əsasən siçan və digər gəmiricilərin sidiyi, nəcisi
və tüpürcəyi ilə təmas zamanı yoluxa bilər. Bu səbəbdən risk daha
çox gəmiricilərlə sıx təmas olan yerlərdə mövcuddur.
Profilaktik məqsədlə əhaliyə sadə gigiyenik qaydalara əməl etmək
tövsiyə olunur:
yaşayış və iş yerlərində sanitar-gigiyenik qaydalara riayət
etmək;
gəmiricilərin məskunlaşmasının qarşısını almaq və mütəmadi
deratizasiya tədbirləri görmək;
açıq sahələrdə və köhnə, uzun müddət istifadə olunmayan
məkanlarda təmizlik işləri apararkən qoruyucu vasitələrdən istifadə
etmək;
gəmiricilərlə birbaşa təmasdan çəkinmək.
Hazırkı vəziyyət əhali üçün narahatlıq doğurmur və epidemioloji
durum müvafiq qurumlar tərəfindən daim nəzarətdə saxlanılır”.

