BMT Yeni Kaledoniyaya dair bəyanat qəbul edib

Baş səhifə

Bakı. Trend:

BMT-nin İrqi ayrı-seçkiliyin ləğvi üzrə Komitəsi (CERD) (bundan
sonra – Komitə) tərəfindən Fransanın müstəmləkəsi altında olan
Kanakiyə (Yeni Kaledoniya) dair bəyanat qəbul edilib.

Trend xəbər
verir ki, Bəyanatda Komitə, Kanakidə həyata keçirdiyi
müstəmləkəçilik siyasəti nəticəsində yaranmış vəziyyətə görə
Fransaya xəbərdarlıq edib və ciddi narahatlığını ifadə edib.

Qeyd edilib ki, Kanaki ilə bağlı siyasi və konstitusiya
islahatları yalnız yerli Kanak xalqının iştirakı ilə, sərbəst və
şəffaf formada həyata keçirilməlidir.

Bəyanatda qeyd edilir ki,12 dekabr 2021-ci ildə Kanakidə Fransa
tərəfindən üçüncü dəfə keçirilən “öz müqəddəratını təyinetmə
referendumu” kanak xalqının milli matəm dövrünə təsadüf etdiyindən
yerli kanak xalqı tərəfindən referendumun təxirə salınması ilə
bağlı legitim çağırışlar Fransa hakimiyyəti tərəfindən nəzərə
alınmamışdır. Bəyanatda xüsusilə vurğulanır ki, kanak xalqını
təmsil edən Kanaki Adət-Ənənə Senatı və səkkiz bölgənin adət
şuraları bu məsələ ilə bağlı dəfələrlə rəsmi müraciətlər etsələr
də, onların iradəsi və mövqeyi tamamilə görməzlikdən gəlinmiş,
kanak xalqının siyasi iradəsinə və ənənəvi institutlarına qarşı
Fransa tərəfindən açıq etinasızlıq nümayiş etdirilmişdir.

Referendumdan sonra da Fransa hakimiyyəti “siyasi islahat”
adlandırdığı, lakin kanak xalqının hüquq və həyati maraqlarına zidd
olan prosesi, onların razılığı və iştirakı olmadan birtərəfli
qaydada həyata keçirib, yerli kanak xalqını öz taleyi ilə bağlı
qərarvermə prosesindən bilərəkdən kənarlaşdırıb, onun siyasi
iradəsini zəiflətməyə, və ənənəvi idarəetmə institutlarını nüfuzdan
salmağa yönəlmiş siyasət həyata keçirib.

Bəyanatda vurğulanır ki, Fransa, Nouméa Sazişi ilə müəyyən
edilmiş siyasi çərçivəni birtərəfli qaydada dəyişdirməyə yönəlmiş
təşəbbüslər göstərib və sazişin fundamental əsaslarından biri olan
öz müqəddəratını təyinetmə prosesinə ciddi şəkildə təhlükə yaradıb.
Komitənin qiymətləndirməsinə görə, bu cür addımlar kanak xalqının
siyasi iradəsini zəiflətməyə, onların ölkənin siyasi həyatında
iştirak hüququnu və xüsusilə beynəlxalq hüquqla müəyyən edilmiş
digər hüquqlarını məhdudlaşdırmağa yönəlib.

Sənəddə qeyd edilir ki, 1998-ci ildə imzalanmış Numea sazişinin
Fransa tərəfindən öz lehinə mahiyyətinin dəyişdirilməsi
dekolonizasiya prosesinin legitimliyinə ciddi zərbə vurmaqla
yanaşı, kanak xalqının gələcəyi ilə bağlı qərarların onların
razılığı olmadan formalaşdırılması riskini daha da artırır.

Komitə, seçki korpusunun genişləndirilməsini nəzərdə tutan qanun
layihəsinin Kanak xalqının razılığı olmadan hazırlanmasından dərin
narahatlığını ifadə edir və bildirir ki, seçki sisteminə bu cür
müdaxilə Kanak xalqının öz gələcəyini sərbəst şəkildə
müəyyənləşdirmə hüququnun həyata keçirilməsinə və dekolonizasiya
prosesinin gedişatına ciddi zərər vurur.

Komitə, həmçinin, 2024-cü ilin may ayında baş vermiş yerli
əhalinin haqlı etirazları zamanı təhlükəsizlik qüvvələri tərəfindən
həddindən artıq güc tətbiq edilməsi, o cümlədən ölümcül zorakılıq
hallarının beynəlxalq insan hüquqları çərçivəsində araşdırılmasının
vacibliyini vurğulayıb. Bundan əlavə qeyd olunub ki, 2025-ci ildə
Bujival (Bougival) şəhərində qapalı formatda aparılmış danışıqlar
nəticəsində Kanakinin gələcəyinə dair yeni siyasi razılaşma
hazırlanıb, lakin bu prosesdə kanak xalqını təmsil edən
institutların iştirakı təmin edilməyib.

Sənəddə bildirilir ki, Kanak xalqı hələ də struktur xarakterli
irqi ayrı-seçkiliyə məruz qalır və bu vəziyyət onların siyasi,
iqtisadi, sosial və mədəni hüquqlardan tam və bərabər şəkildə
faydalanmasına ciddi məhdudiyyətlər yaradır. Bu səbəbdən Fransa
hökumətinə Kanak xalqının siyasi proseslərdə bərabər və səmərəli
iştirakını təmin etməyə, onların fundamental hüquqlarının
qorunmasına zəmanət verməyə, zorakılıqla bağlı iddiaların müstəqil
və şəffaf şəkildə araşdırılmasını həyata keçirməyə, eləcə də,
BMT-nin müvafiq tövsiyələrini tam və ardıcıl şəkildə icra etməyə
çağırış edilib.

Qeyd edək ki, 2024-cü ildə Bakı Təşəbbüs Qrupu tərəfindən
Fransanın müstəmləkəçilik siyasəti və Kanak xalqının hüquqlarının
pozulması ilə bağlı BMT-nin İnsan Hüquqları Şurasına təqdim edilmiş
alternativ hesabatda qaldırılan məsələlər Komitənin hazırkı
bəyanatında da öz əksini tapmışdır.

Mənbə: https://news.un.org/fr/story/2026/05/1158797

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir