Xaçmaz rayonunda Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş konfrans keçirilib (FOTO)

Baş səhifə

Xaçmaz rayonunda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü
münasibətilə “Heydər Əliyev Azərbaycandır!” adlı konfrans təşkil
olunub.

Trend xəbər verir
ki, tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev,
Milli Məclisin deputatları Ağalar Vəliyev, Sevil Mikayılova, Mahir
Süleymanlı, Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının
sədri Məhəmməd Balaqadaşov, yerli hüquq-mühafizə orqanlarının
rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin
nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin
abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, əziz xatirəsini
ehtiramla yad ediblər.

Daha sonra Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və
fəaliyyətini əks etdirən rəsm əsərlərindən ibarət sərgiyə baxış
keçirilib.

Rəsmi hissədə Azərbaycan Respublikasının Dövlət Himni
səsləndirilib. Ümummilli Liderin və şəhidlərimizin əziz xatirəsi
bir dəqiqəlik sükutla anılıb.




Konfransda Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev çıxış
edərək Heydər Əliyevin Azərbaycan dövlətçiliyi tarixindəki misilsiz
rolundan, onun müdrik strategiyasının bu gün Prezident İlham Əliyev
tərəfindən uğurla davam etdirildiyindən danışıb. Bildirib ki, Ulu
Öndərin əsasını qoyduğu inkişaf yolu sayəsində ölkəmizin ərazi
bütövlüyü təmin edilib, iqtisadi və sosial sahələrdə böyük
nailiyyətlər qazanılıb. Elnur Rzayev qeyd edib ki, Prezident İlham
Əliyevin rəhbərliyi ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində
Xaçmaz rayonunda uğurlu layihələr həyata keçirilir, rayonun müasir
memarlıq üslubu qorunmaqla yeni infrastruktur formalaşdırılır.

Daha sonra Milli Məclisin deputatları Ağalar Vəliyev, Sevil
Mikayılova və Mahir Süleymanlı çıxış edərək Heydər Əliyevin zəngin
irsi, dövlətçilik məfkurəsi və xalq qarşısındakı əvəzsiz xidmətləri
barədə fikirlərini bölüşüblər.

Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının sədri
Məhəmməd Balaqadaşov bildirib ki, Heydər Əliyev ideyaları əbədidir
və bu ideyalar ətrafında birləşən Azərbaycan xalqı dövlətimizin
daha da güclənməsi naminə fədakarlıqla çalışacaq.

Tədbirin sonunda Ümummilli Liderin həyat və fəaliyyətini əks
etdirən “Heydər Əliyev Azərbaycandır!” adlı sənədli film nümayiş
etdirilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir