
Bakı. Trend:
Əsas məqsəd su təmizləyici qurğuda təmizlənən suyun əhaliyə
fasiləsiz çatdırılmasını təmin etməkdir.
Bunu Trend-in
Qarabağ bürosuna açıqlamasında Qarabağ regional Su meliorasiya
sistemləri idarəsinin Şuşa şərə sahəsinin mühəndisi Pərviz
Məhərrəmov deyib.
Onun sözlərinə görə, hazırda ərazidə iki ədəd 1000 m3 tutumlu su
anbarı mövcuddur:
“Bununla yanaşı, Şuşa şəhərinin içməli su təchizatının daha da
gücləndirilməsi məqsədilə yeni anbarların tikintisi nəzərdə
tutulur. Hazırda əlavə olaraq iki ədəd 1000 m3 və iki ədəd 500 m3
su anbarı da inşa edilir. Mövcud anbarların ümumi tutumu hazırda
Şuşa şəhərinin suya olan tələbatını tam ödəyir. Əhali sayı artdıqca
isə yeni tikilən anbarlardan istifadə olunacaq. Şuşa şəhərinin
içməli su təminatı əsasən Zarıslı, Nəbilər və Kirs su mənbələrindən
götürülən su hesabına həyata keçirilir”.
P.Məhərrəmov bildirib ki, su normal şəraitdə şəhərə öz axını ilə
daxil olur:
“Bununla yanaşı, Daşaltı çayı üzərində bənd inşa edilib. Həmin
bənddə yerləşən nasos stansiyası vasitəsilə su təmizləyici qurğuya
ötürülür. Şuşa şəhərinin yenidən qurulması və inkişafı
istiqamətində aparılan işlərdə iştirak etməkdən qürur duyuruq”.

