Ən çətin fənn riyaziyyat oldu – Ölkə birincisi

Baş səhifə

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzinin ümumi (9 illik)
orta təhsil səviyyəsi üzrə 2026-cı il aprelin 12-də keçirdiyi
buraxılış imtahanının nəticələri elan olunub. Nəticələrə görə, ölkə
üzrə 8 nəfər maksimum nəticə göstərib. Həmin şagirdlərin 7-si Bakı
və Abşeron məktəblərindən, biri isə region məktəbindəndir.

300 ballıq maksimum nəticə ilə ölkə birincilərindən olan Bakı
şəhər 102 nömrəli tam orta ümumtəhsil məktəbinin 9-cu sinif şagirdi
Məhərrəmli Həsən imtahan təəssuratları barədə Trend-ə açıqlama verib.
Onun sözlərinə görə, ölkə birincilərindən olmaq həm qürurverici,
həm də məsuliyyətli hissdir. Həsən qeyd edib ki, imtahan
nəticələrini öyrənəndə çox həyəcanlanıb və sevinib:

“İlk olaraq bu sevinci ailəm və müəllimlərimlə paylaşdım.
Əziyyətimin qarşılığını almaq mənim üçün böyük motivasiya oldu.
Yüksək nəticə gözləyirdim, çünki ilboyu planlı və ciddi şəkildə
hazırlaşmışdım. Xüsusilə son aylarda təkrara daha çox vaxt
ayırmışdım. Bu nəticə insanı daha da çalışqan olmağa həvəsləndirir
və gələcək üçün böyük motivasiya verir”.

Həsən imtahan suallarının çətinliyi barədə iddialara da
münasibət bildirib. O vurğulayıb ki, suallarda proqramdan kənara
çıxmalar olmayıb:




“Suallar ümumilikdə proqram çərçivəsində idi. İmtahan zamanı
təxminən bir saat yarımı riyaziyyata ayırdım. Məncə, ən çətin fənn
riyaziyyat oldu”.

Ölkə birincisi gələcəkdə hansı sahəni seçəcəyini də
açıqlayıb:

“Gələcəkdə iqtisadiyyat sahəsini seçmək istəyirəm. Hazırda əsas
məqsədim Azərbaycan Dövlət Neft və Sənaye Universiteti-də təhsil
almaqdır. İmtahana hazırlaşanlara tövsiyəm odur ki, planlı
olsunlar, təkrara xüsusi yer ayırsınlar və daim öz üzərlərində
çalışsınlar. Stressə düşmək lazım deyil. Çətin görünən mövzuların
üzərinə getdikcə nəticə mütləq yaxşı olur”, – o, bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir