
Bakı. Trend:
Heydər Əliyev adına Liseydə Ümummilli Liderin 103 illiyinə həsr
olunmuş anım tədbiri keçirilib.
Trend xəbər
verir ki, “Zamana sığmayan ömür” adlı tədbiri giriş sözü ilə açan
liseyin direktoru Sevinc Orucova Ulu Öndər Heydər Əliyevin
ideyalarının Azərbaycan xalqının və gəncliyinin taleyində oynadığı
müstəsna roldan danışıb. O qeyd edib ki, lisey ömrünün hər anını
xalqına və dövlətinə həsr edən Ulu Öndər Heydər Əliyevin adını
qürurla daşıyır:
“Bu gün ölkəmizin müxtəlif sahələrdə qazandığı uğurlar, əldə
olunan nailiyyətlər məhz onun uzaqgörən siyasətinin və strateji
addımlarının nəticəsidir. Azərbaycan dövlətinin möhkəmlənməsi,
inkişafı və dünyada layiqli yer tutması Ulu Öndər Heydər Əliyevin
müəyyən etdiyi siyasətin bəhrəsidir.
Ulu Öndər Heydər Əliyev heç nədən qorxmadan, çəkinmədən, özünün
və ailəsinin təhlükəsizliyini düşünmədən xalqının gələcəyi naminə
mübarizə aparıb. Xarici qüvvələrin təzyiqlərinə baxmayaraq, daim
Azərbaycanın milli maraqlarını qoruyub və dövlətimizin
müstəqilliyini möhkəmləndirib.
Bu gün isə onun siyasi kursu layiqincə davam etdirilir. Müzəffər
Ali Baş Komandan Ilham Əliyevin rəhbərliyi, şəhidlərimizin
qəhrəmanlığı və qazilərimizin şücaəti sayəsində xalqımız şanlı
Zəfər tarixini yazdı. Azərbaycanın ərazi bütövlüyü bərpa olundu və
xalqımız illər sonra böyük qürur hissini yaşadı”.
Sevinc Orucova, həmçinin şagirdlərin uğurlarından, qazanılan
nailiyyətlərdən də bəhs edib. O bildirib ki, Heydər Əliyev adına
Lisey həm rayon, həm də Bakı məktəbləri arasında həmişə fərqlənib,
seçilib:
“Liseyin təməli 2004-cü ildə qoyulub. Hazırda liseydə 1147
şagird təhsil alır. Təhsil ocağımız hər il əldə etdiyi uğurlarla
həm rayon, həm də Bakı məktəbləri arasında seçilir. Buraxılış və
qəbul imtahanlarında lisey davamlı olaraq 98–100 faizlik nəticə
göstərir. Şagirdlərimiz beynəlxalq müsabiqələrdə, eləcə də Elm və
Təhsil Nazirliyi tərəfindən hər il təşkil olunan fənn
olimpiadalarında qazandıqları nailiyyətlərlə fərqlənirlər. Dünən
Elm və Təhsil Nazirliyinin Heydər Əliyevin anadan olmasının
ildönümünə həsr etdiyi “Ən yaxşı təqdimat” müsabiqəsində birinci
yerə layiq görülən altı şagirddən biri də məhz liseyimizin şagirdi
Zəhra Cabbarlı olub.
Bu ilin buraxılış imtahanlarında da şagirdlərimiz yüksək
nəticələr əldə ediblər. 11-ci siniflər üzrə ən yüksək nəticə 297,
9-cu siniflər üzrə isə 283 bal olub”.
Direktorun çıxışından sonra səhnə məktəblilərə verilib. Ulu
Öndər Heydər Əliyevin sevdiyi mahnılar, rəqslər və ona həsr olunmuş
şeirlər məktəblilərin təqdimatında kompozisiya şəklində nümayiş
etdirilib. Şagirdlər böyük həvəslə və sevgi ilə Ulu Öndər Heydər
Əliyevə, Azərbaycana və Böyük Zəfərə həsr olunmuş çıxışlar edib,
onun aforizmlərini səsləndiriblər.
Kompozisiyalardan sonra söz Xətai Rayon İcra Hakimiyyəti
nümayəndəsi Pənah İmanova verilib. O, çıxışında liseyin tarixindən,
Ulu Öndər Heydər Əliyevin siyasi kursunun bu günkü gəncliyin
həyatındakı rolundan danışıb. Bildirib ki, tədbirdə uşaqların
qəlbindəki sevgi, məhəbbət və Ulu Öndərə olan bağlılıq bariz
şəkildə özünü göstərib:
“Vətənə, torpağa və milli liderə olan sevgi məhz belə olur. Biz
Ulu Öndər Heydər Əliyevin göstərdiyi yolla irəliləmiş, onun
ideologiyası əsasında inkişaf etmişik. Bu gün artıq böyük
Zəfərimizin təntənə ilə yaşandığı altıncı ildir. Bu qələbə
xalqımızın birliyinin, gücünün və milli ruhunun təcəssümüdür.
Liseyimiz 2004-cü ildə tikilərək istifadəyə verilib. Fəaliyyət
göstərdiyi ilk gündən bu günə qədər öz ənənələrini qoruyub
saxlayıb, təhsil və tərbiyə sahəsində yüksək nailiyyətlər əldə
edib. Hazırda Xətai rayonunun təhsil müəssisələri arasında qabaqcıl
mövqedə dayanır və uğurları ilə seçilir.
Bu təhsil ocağı Ulu Öndər Heydər Əliyevin ideologiyasına uyğun
şəkildə fəaliyyət göstərən, milli-mənəvi dəyərləri şagirdlərə
aşılayan nümunəvi bir təhsil müəssisəsidir. Burada yetişən gənclər
vətənpərvər ruhda formalaşır, dövlətinə və xalqına bağlı vətəndaş
kimi böyüyürlər”.
Tədbirin sonunda liseyin direktoru Sevinc Orucova qeyd edib ki,
bu yol və ideologiya vətənə bağlılığın, milli birliyin və dövlətə
xidmətin ən böyük nümunəsidir və Ulu Öndərin əziz xatirəsi daim
qəlblərdə yaşayacaq.
Sonda tədbir iştirakçıları xatirə fotosu çəkdiriblər.

