
Bakı. Trend:
Mayın 7-də ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib.
Yığıncaqda ABB-nin 2025-ci il üzrə kənar auditor tərəfindən təqdim
olunmuş maliyyə hesabatı təsdiqlənib, bir sıra təşkilati məsələlərə
baxılıb, eyni zamanda 2025-ci ilin maliyyə nəticələrinə əsasən,
ABB-nin səhmdarlarına dividendin ödənilməsinə qərar verilib.
Trend xəbər
verir ki, Bankın İdarə Heyətinin sədri Abbas İbrahimov keçirdiyi
mətbuat konfransında bununla bağlı qərarı elan edərək bildirib ki,
ötən ilin mənfəətindən səhmdarlara 200 000 000 manat məbləğində
dividend ödəniləcək.
Onun sözlərinə görə, bununla ABB ardıcıl 8-ci il səhmdarlarına
yüksək dividendlər ödəmiş olacaq. ABB səhmdarları Bankın ötənilki
mənfəətindən bu il də nominal qiymətdən 15.6% dividend gəliri
qazanacaqlar.
Səhmdarların pay bölgüsünə uyğun olaraq 200 000 000 manatlıq
dividendin 184 000 000 manatı dövlətə, 16 000 000 manatı isə
ABB-nin digər səhmdarlarına ödənəcək.
Abbas İbrahimov ABB-nin 2026-2028-ci illər üzrə yeni strateji
inkişaf hədəfləri haqqında da məlumat verib: “Hədəf seqmentlər üzrə
bazar liderliyi, yeni sahələrə doğru genişlənmə, inteqrasiya
olunmuş müştəriyönümlülük, ölkə üzrə istedad liderliyi yeni
strategiyamızın başlıca hədəfləridir. Süni intellekt əsaslı
innovasiyalar isə bu hədəflərə doğru irəlilədiyimiz yolda əsas
aparıcı qüvvəmiz olacaq”.
İdarə Heyətinin sədri jurnalistlərə ABB-nin 2025-ci il, eləcə də
cari ilin yanvar-aprel ayları üzrə fəaliyyəti, maliyyə
göstəriciləri, həyata keçirdiyi inkişaf layihələri, süni intellekt
həlləri haqqında ətraflı məlumat verib.
Mətbuat konfransında ABB-nin 2025-ci il üzrə Dayanıqlı İnkişaf
Hesabatı da təqdim olunub. Media nümayəndələrini maraqlandıran
çoxsaylı suallar cavablandırılıb.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə
ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet
səhifəsi https://abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və
rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.

