
Bakı.Trend:
Xəbər veridyimiz kimi “BakuBus” və “Bakı Taksi Xidməti”
MMC-ləri Bakı Metropoliteni QSC-yə birləşdirilib.
Yeni idarəetmə modeli sərnişin daşımalarında koordinasiyanı
artıra biləcəkmi? Metro, avtobus və taksi xidmətlərinin vahid qurum
altında birləşdirilməsi marşrutların planlaşdırılması, xidmət
keyfiyyəti və tarif siyasətinə necə təsir göstərəcək?
Mövzu ilə əlaqədar Trend-ə açıqlamasında nəqliyyat eksperti Eldəniz
Cəfərli bildirib ki, bu qərarın əsas məqsədi şəhər nəqliyyatında
idarəetmənin optimallaşdırılması, resurslardan daha səmərəli
istifadə və müxtəlif nəqliyyat növləri arasında funksional
inteqrasiyanın təmin edilməsidir:
“Yəni burada əsas hədəf metro sisteminin təkcə sərnişindaşıma
funksiyası ilə məhdudlaşdırılmaması, bütövlükdə relsli nəqliyyatın
idarəedici mərkəzinə çevrilməsidir. Həmçinin tramvay xətlərinin
çəkilməsi, qaraj və depolarının yaradılması da artıq “Bakı
Metropoliteni” QSC-yə tapşırılır”.
Ekspertin fikrincə, bu qərar hazırda mövcud olan şəhər
mobilliyinin keyfiyyətcə yeni mərhələyə keçidini təmin edə bilər.
Onun sözlərinə görə, əsas məsələ qəbul edilən modelin effektiv
icrası, institusional koordinasiyanın qorunması və sərnişinyönümlü
yanaşmanın prioritet saxlanılmasıdır.
“Bu şərt təmin olunsa, Bakı yaxın illərdə daha müasir,
inteqrasiya olunmuş və dayanıqlı nəqliyyat sisteminə malik ola
bilər. Burada məsələ ondan ibarətdir ki, metro artıq relsli
nəqliyyat sahəsində formalaşmış texniki baza, mühəndislik təcrübəsi
və təhlükəsizlik standartlarına malikdir. Bu resursların tramvay
layihələrinə tətbiqi layihələndirmə və tikinti müddətini azalda,
texniki riskləri minimuma endirə, idarəetmədə vahid standartların
tətbiqini təmin edə bilər. Şəhər mobilliyinə biz artıq nail
olmuşuq”.
O bildirib ki, ekoloji cəhətdən təmiz avtobuslarla Bakı şəhəri
təmin olunub, mikromobillik vasitələri üçün zolaqlar yaradılıb:
“Əhali, əsasən gənc nəsil, skuterlərə üstünlük verməyə başlayıb.
Velosipedlər şəhərdə sadəcə əyləncə vasitəsi kimi deyil, birbaşa
nəqliyyat vasitəsi kimi istifadə olunur. Yeni qərar şəhər
mobilliyinin transformasiyasını daha da sürətləndirəcək”.
Nəqliyyat eksperti Elməddin Muradlı isə açıqlamasında qeyd edib
ki, “Bakı Metropoliteni” QSC-nin, “BakuBus” və “Bakı Taksi Xidməti”
MMC-lərinin bir qurumda idarə olunması, bunun ardınca tramvayın da
bu sistemə əlavə edilməsi ictimai nəqliyyatın əsas növlərinin vahid
mərkəzdən idarə olunacağı anlamına gəlir.
Ekspertin fikrincə, bu dəyişiklik ümumilikdə ictimai nəqliyyatın
inkişafına müsbət təsir göstərəcək.
“Düşünürəm ki, növbəti addım qurumların ad məsələsinə baxılması
olacaq. Ümumilikdə ictimai nəqliyyatın bir mərkəzdən idarə olunması
faydalıdır və əlverişlidir. Çünki metro hansısa bir məntəqəyə qədər
sərnişinləri daşıyırsa, onun davamını avtobuslar təmin edir və
yaxud avtobusun daşıdığı sərnişin növbəti mərhələdə metroya
yönəlir. Bundan sonra taksidən istifadə etmək imkanı da yaranır.
Ardınca yenilik kimi tramvaylar xəttə çıxsa, sərnişinlər
tramvaylardan da istifadə edəcəklər. Yəni bu proses əlaqəli şəkildə
qurulacaq. Metronun olmadığı ərazilərdə tramvaylar fəaliyyət
göstərəcək və onların daşıdığı sərnişin yükünü avtobuslar
tamamlayacaq”.

