
Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci
xanım Mehriban Əliyeva mayın 9-da Cəbrayıl rayonunun Şükürbəyli
kəndinin açılışında iştirak ediblər.
Trend xəbər
verir ki, dövlətimizin başçısı əvvəlcə kənddə inşa edilmiş 360
şagird yerlik məktəb binasının açılışını edib.
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan
Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev,
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin
sədri Rövşən Rzayev Şükürbəyli kəndində görülmüş işlər barədə
dövlətimizin başçısına və birinci xanıma məlumat verdilər.
Bildirildi ki, Şükürbəyli Cəbrayıl rayonunun eyniadlı inzibati
ərazi dairəsində, rayon mərkəzindən 18 kilometr cənub-şərqdə,
düzənlik ərazidə yerləşir.
Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal
edilib. İşğaldan əvvəl kənddə məktəb, klub, kitabxana və xəstəxana
fəaliyyət göstərib, əhali əsasən üzümçülük, heyvandarlıq,
taxılçılıq və baramaçılıqla məşğul olub. Kənd 2020-ci ildə Vətən
müharibəsi zamanı rəşadətli Azərbaycan Ordusu tərəfindən işğaldan
azad edilib. Prezident İlham Əliyev 2023-cü ildə kəndin təməlini
qoyub.
Sonra elm və təhsil naziri Emin Əmrullayev məktəbdə yaradılmış
şərait barədə dövlətimizin başçısına və birinci xanıma məlumat
verdi.
Diqqətə çatdırıldı ki, işğaldan azad edilmiş digər
ərazilərimizdə istifadəyə verilən yeni məktəblərdə olduğu kimi, bu
təhsil müəssisəsində də müəllim və şagirdlər üçün hərtərəfli şərait
yaradılıb. Məktəbdə tədrisin yüksək səviyyədə aparılması üçün
zəruri fənn kabinetləri, həmçinin fizika, kimya, biologiya
laboratoriyaları, informatika, texnologiya, ibtidai hərbi hazırlıq
sinifləri var. Bundan başqa, məktəbdə kitabxana, akt və idman
zalları, yeməkxana müəllim və şagirdlərin ixtiyarına verilib.
Ərazidə, eyni zamanda, futbol və basketbol meydançaları da
yaradılıb.
Qeyd edək ki, müasir təhsil ocaqlarının qurulması işğaldan azad
olunmuş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı quruculuq
işlərinin mühüm tərkib hissəsidir. Ən yüksək standartlara cavab
verən təhsil müəssisələri yeni texnologiyalarla, zəruri
maddi-texniki baza ilə təchiz olunur.

