
Bakı. Trend:
Kilian Mbappe bu mövsüm “Real”ın qalan ev oyunlarında oynamaq
istəmir.
Trend xəbər verir ki,
hücumçu La Liqanın 35-ci turunda “Kamp Nou”da keçirilən
El-Klasikonu (“Barselona”ya qarşı 0:2) buraxdı. Bildirilirdi ki,
aprelin 24-dən zədə səbəbindən oynamayan fransalı futbolçu oyundan
bir gün əvvəl “Real”ın məşqinin bitməsinə 5 dəqiqə qalmış
narahatlıq hiss edib. Lakin başqa bir versiyaya görə, Kilian matça
ehtiyat oyunçular skamyasında başlayacağını öyrəndikdən sonra məşqi
tərk edib.
“The Athletic” nəşrinin məlumatına görə, Mbappe daha əvvəl
azarkeşlərin onu bir neçə dəfə fitə basdığı üçün mövsümün qalan
hissəsində “Santyaqo Bernabeu”da keçiriləcək oyunlarda iştirakdan
yayınmağa üstünlük verir. Qeyd olunur ki, hazırda klub hücumçunun
zədədən sonra nə vaxt qayıdacağını dəqiq bilmir.
Mövsümün qalan oyunlarında “Real” “Oviedo” ilə (14 may, evdə),
“Sevilya” ilə (17 may, səfərdə) və “Atletik” ilə (24 may, evdə)
qarşılaşacaq.

