
Bakı. Trend:
Hazırda ictimaiyyət üçün hantavirus riski aşağı
qiymətləndirilir.
Bu barədə Trend-ə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı
Nümayəndəliyindən məlumat verilib.
Bildirilib ki, ÜST Beynəlxalq Səhiyyə Qaydaları çərçivəsində bir
neçə ölkə ilə birlikdə vəziyyətə operativ cavab vermək üçün
çalışır. Əsas diqqət xəstələrin müalicəsinə, təhlükəsizliyə və
virusun daha geniş yayılmasının qarşısının alınmasına yönəlib:
“İnsanlar adətən hantavirusa yoluxmuş gəmiricilərlə təmas
nəticəsində yoluxurlar — xüsusilə onların sidiyi, nəcisi və ya
tüpürcəyi vasitəsilə. Bəzən çirklənmiş tozun nəfəs yolu ilə qəbul
edilməsi də infeksiyaya səbəb ola bilər. Nadir hallarda gəmirici
dişləmələri də virusu yaya bilir. Risk yaradan fəaliyyətlərə qapalı
və ya zəif havalandırılan yerlərin təmizlənməsi, kənd təsərrüfatı
və meşə təsərrüfatı işləri, həmçinin gəmiricilərin olduğu
məkanlarda qalmaq daxildir. İnsandan insana yoluxma çox nadir
hallarda müşahidə olunur və yalnız Amerika qitəsində Andes virusu
ilə bağlı qeydə alınıb. Belə hallarda yoluxma əsasən ailə üzvləri
və ya partnyorlar arasında uzunmüddətli və yaxın təmas zamanı,
xüsusilə xəstəliyin ilkin mərhələsində baş verir.
ÜST gəmidə olan vətəndaşlarla bağlı 12 ölkəni məlumatlandırıb.
Bunlara Kanada, Danimarka, Almaniya, Niderland, Yeni Zelandiya,
Sent-Kits və Nevis, Sinqapur, İsveç, İsveçrə, Türkiyə, Böyük
Britaniya və ABŞ daxildir. ÜST həmçinin əlaqəli reysdə olmuş
şəxslərin izlənməsi üçün Cənubi Afrika ilə əməkdaşlıq edir.
Beynəlxalq təmas izləmə prosesi davam edir. Sərnişinlər
məlumatlandırılıb və onlardan hər hansı simptom yaranarsa
bildirmələri istənilib. ÜST eyni zamanda bu virusla mübarizə
təcrübəsinə malik Argentina ilə sıx əməkdaşlıq edir ki, vəziyyət
daha yaxşı öyrənilsin və cavab tədbirləri gücləndirilsin.
ÜST-dən bildirilib ki, Azərbaycanda bu virusun diaqnostikası
üçün laborator imkanlar var:
“Azərbaycanda həm insan, həm də heyvan sağlamlığı
laboratoriyalarında PCR üsulu ilə hantavirusun aşkarlanması üçün
imkanlar mövcuddur. ÜST həmçinin Avropa üzrə laboratoriyalarla
birlikdə Andes virusunun etibarlı şəkildə test olunmasını təmin
etmək üçün çalışır. Zərurət yaranarsa, nümunələr təsdiqləmə
məqsədilə təhlükəsiz şəkildə ÜST-nin ixtisaslaşmış referens
laboratoriyalarına göndərilə bilər. ÜST yaxın zamanda region üzrə
test prosesini dəstəkləmək məqsədilə yenilənmiş laborator
təlimatlarını yayımlayacaq”.
Qeyd olunub ki, hazırda ümumi qlobal risk yoxdur:
“Gəmidə olmuş şəxslər üçün isə risk orta səviyyədə
qiymətləndirilir. Hantavirus asan yayılan virus deyil. O, əsasən
gəmiricilərdən insanlara keçir və insandan insana yoluxma çox nadir
hallarda baş verir. Hər il dünyada minlərlə yoluxma halı qeydə
alınsa da, bu rəqəm dünya əhalisi ilə müqayisədə böyük sayılmır.
Gəmidəki vəziyyət riskin minimuma endirilməsi məqsədilə diqqətlə
idarə olunur.
Həmçinin vurğulanıb ki, şayiə və təsdiqlənməmiş məlumatlar
yaymaq yolverilməzdir.

