
Bakı. Trend:
PAŞA Bank “Paylaşdıqca böyüyürük. Birlikdə” şüarı altında elan
etdiyi İlkin Kütləvi Təklif (Initial Public Offering – IPO)
çərçivəsində səhmlərinin abunə yazılışının müddətini 12 iyun
2026-cı il tarixinədək uzadıb.
Qərar investorlar, müştərilər və tərəfdaşlardan gələn
müraciətlər nəzərə alınaraq, daha çox şəxsin PAŞA Bank-ın səhmdarı
olmaq imkanı əldə etməsi məqsədilə qəbul olunub. PAŞA Bank-ın İdarə
Heyətinin üzvü, baş maliyyə inzibatçısı Murad Suleymanov bildirib
ki, IPO çərçivəsində müşahidə olunan yüksək investor marağı abunə
müddətinin uzadılması qərarında mühüm rol oynayıb.
“PAŞA Bank olaraq ilk gündən məqsədimiz yalnız uğurlu IPO həyata
keçirmək deyil, eyni zamanda ölkəmizin kapital bazarlarının
inkişafı naminə bu prosesdə daha geniş investor iştirakını təşviq
etmək və mümkün qədər çox insanın IPO prosesinin bir parçasına
çevrilməsinə imkan yaratmaq olmuşdur. Bu IPO təkcə PAŞA Bank üçün
deyil, bütövlükdə Azərbaycanın kapital bazarları üçün əlamətdar bir
mərhələdir. Ölkəmizdə ilk dəfə olaraq özəl təşkilatın bu miqyasda
səhmlərinin geniş investor kütləsinə təqdim olunması bazara olan
etimadın, investor mədəniyyətinin və uzunmüddətli investisiya
yanaşmasının formalaşdığını göstərir.
13 aprel tarixində start verdiyimiz abunə yazılışı müddəti
ərzində hazırkı tarixə artıq təxminən 12000-ə yaxın müraciət qəbul
etmişik və investor marağının hər gün daha da artdığını müşahidə
edirik. Son günlər tərəfdaşlıq etdiyimiz investisiya şirkətlərinə
və Bankımıza abunə müddətinin uzadılması ilə bağlı müraciətlər
daxil olur. Xüsusilə qeyd etmək istərdim ki, artıq abunə
yazılışında iştirak etmiş investorlar üçün bütün mövcud üstünlüklər
qüvvədə qalır. İnvestorlar həm 2025-ci, həm də 2026-cı illər üzrə
dividend əldə etmək hüququnu saxlayırlar. Eyni zamanda, abunə
müddətinin uzadıldığı dövrdə yerləşdirilmiş bütün vəsaitlər üzrə
hesablanan illik 5% gəlir (“overnight”) mexanizmi də davam
etdiriləcək. İnanırıq ki, bu qərar daha çox investorun ölkənin
aparıcı maliyyə institutlarından birinin səhmdarı olmaq imkanından
yararlanmasına şərait yaradacaq. Eyni zamanda xüsusi vurğulamaq
istəyirəm ki, bu uzadılma son fürsətdir. 12 iyun 2026-cı il tarixi
IPO üzrə sifarişlərin qəbul ediləcəyi son gündür. Bir daha
göstərilən böyük marağa və etimada görə bütün investorlarımıza
təşəkkür edir və hər kəsi bu tarixi mərhələnin bir parçası olmağa
dəvət edirik,” – deyə, Süleymanov bildirib.
Qeyd edək ki, Emissiya Prospektinə əsasən səhmlərin kütləvi
təklifi üzrə abunə yazılışının müddəti maksimal 3 (üç) ay olmaqla
müəyyən edilib. Abunə yazılışı müddəti ərzində investorlar və
tərəfdaşlar tərəfindən abunə yazılışı müddətinin uzadılması ilə
əlaqədar həm Banka, həm də anderrayterlərə müraciət daxil olmuşdur.
Daxil olmuş müraciətlər və eləcə də abunə yazılışının son dövrləri
müşahidə olunan müsbət dinamika nəzərə alınaraq, Bank tərəfindən
abunə yazılışı müddətinin emissiya prospektində nəzərdə tutulan
müddət daxil olmaqla 12 iyun 2026-cı il tarixinə kimi uzadılması
qərara alınıb.
PAŞA Bank kapitalının 5%-ni təşkil edən cəmi 932,926 ədəd adi,
adlı səhm investorlara təqdim olunur. Səhmin ilkin yerləşdirmə
qiyməti 55 AZN olaraq müəyyən edilib, minimal alış 1 səhmdir və
maksimum limit tətbiq edilmir. Abunə dövründə əvvəlcədən ödənilmiş
məbləğlərə illik 5% faiz gəliri hesablanır. Səhmlərin
yerləşdirilməsi Bakı Fond Birjası vasitəsilə həyata keçirilir.
İnvestorlar PAŞA Bank-ın mobil tətbiqi, həmçinin PAŞA Kapital,
Birbank Invest, ABB Invest, Unicapital, Leobank və Yelo Bank
platformaları və mobil tətbiqləri vasitəsilə IPO-da iştirak edə
bilərlər. Fiziki olaraq isə prosesdə PAŞA Bank, Kapital Bank və
Unibank filiallarında, eləcə də PAŞA Kapital ofisi və digər
lisenziyalaşdırılmış İnvestisiya Şirkətlərinə müraciət etməklə
iştirak mümkündür.
Ətraflı məlumat əldə etmək üçün ipo.pashabank.az
saytına keçid edin.
PAŞA Bank qeyri-neft sektorunun inkişafını, real sektorun
maliyyələşdirilməsini və iqtisadiyyatın şaxələndirilməsini əsas
prioritet kimi müəyyən edib. Bank Azərbaycandan əlavə Gürcüstan və
Türkiyədə də fəaliyyət göstərir.

