
Bakı. Trend:
UNEC-də “Universitetlərdə psixoloji xidmətin təşkili: xarici
təcrübə və UNEC modeli” adlı dəyirmi masa keçirilib.
UNEC-in rektoru, professor Ədalət Muradov, dekanlar, UNEC-in,
eləcə də ölkənin aparıcı ali təhsil müəssisələrinin psixoloji
xidmət sahəsində fəaliyyət göstərən nümayəndələrinin iştirak etdiyi
tədbirin məqsədi ali təhsil müəssisələrində psixoloji xidmətin
təşkili, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi,
universitetlərdə sağlam psixoloji mühitin formalaşdırılması və
mövcud çağırışların müzakirəsi olub.
Tədbirdə çıxış edən UNEC rektoru, professor Ədalət Muradov
bildirib ki, gələcəyin universitet modeli artıq yalnız
auditoriyalar və inzibati çərçivələrlə məhdudlaşmır: “Müasir
universitet tələbələrin sosial və psixoloji vəziyyətini nəzərə
alan, cəmiyyətlə sıx əlaqədə fəaliyyət göstərən canlı mühitə
çevrilməlidir”- deyə o, bildirib.
Çıxışında gənclərin emosional həssaslıq dövrünə toxunan rektor
bildirib ki, tələbəlik dövrü psixoloji baxımdan həssas mərhələdir
və bu dövrdə yaşanan münasibətlər, emosional bağlılıqlar bəzən
ciddi psixoloji gərginliklər yarada bilir. O bildirib ki, hazırda
diqqət əsasən tələbələrə yönəlsə də, müəllimlər, əməkdaşlar və
rəhbər heyət də psixoloji dəstəyə ehtiyac duyur.
Problemlərin həllində psixoloji xidmətin roluna toxunan
Ə.Muradov qeyd edib ki, bu sahəyə ayrıca struktur kimi deyil,
universitet idarəetməsinin vacib elementlərindən biri kimi
yanaşılmalıdır: “Psixoloji xidmət yalnız problem yarandıqdan sonra
müdaxilə edən struktur deyil, həm də universitet mühitini
sağlamlaşdıran, riskləri əvvəlcədən müəyyən edən mexanizmdir”.
Ədalət Muradov cəmiyyətdə psixoloqa müraciətlə bağlı formalaşan
stereotiplərə də toxunub. O, psixoloji xidmətin universitet
idarəçiliyində effektiv mexanizmə çevrilməsinin vacibliyini diqqətə
çatdıraraq, universitetlərdə Psixoloqlar Assosiasiyasının
yaradılması ilə bağlı təklif irəli sürüb.
Sonra UNEC-in Psixoloji xidmət mərkəzinin rəhbəri Şəfahət
Abdullayeva çıxış edərək, mərkəzin fəaliyyət istiqamətləri,
tələbələrə göstərilən psixoloji dəstək xidmətləri, görülmüş işlər,
maarifləndirici tədbirlər və gələcək layihələr barədə məlumat
verib.
Tədbirdə həmçinin Azərbaycan Dövlət Pedaqoji Universitetinin
“Psixologiya” kafedrasının müdiri prof. Elmar Hüseynov, Azərbaycan
Dillər Universitetinin “Psixologiya və pedaqogika” kafedrasının
müdiri İranə Məmmədli, ADA Universitetinin psixoloqu Kəmalə
Ağayeva, Xəzər Universitetinin psixoloqu Mələk Kərimova və
Azərbaycan Memarlıq və İnşaat Universitetinin psixoloqu Birgül
Qurbanova çıxış edərək, bu istiqamətdə öz təcrübələrini
bölüşüblər.
Görüş zamanı universitetlərdə psixoloji xidmətin təşkili,
tələbələrlə iş mexanizmləri, risklərin erkən müəyyənləşdirilməsi,
psixoloji dəstəyin əlçatanlığının artırılması və bu sahədə vahid
əməkdaşlıq platformasının yaradılması istiqamətində fikir
mübadiləsi aparılıb.

