
Bakı.Trend:
Daşkənddə Özbəkistan Beynəlxalq Enerji Həftəsi çərçivəsində
Mərkəzi Asiya ölkələri və Azərbaycanın nümayəndələrinin, həmçinin
maraqlı tərəflərin və inkişaf üzrə tərəfdaşların iştirakı ilə
“Yaşıl Dəhliz Alyansı”nın (Green Corridor Alliance) birgə
müəssisəsinin iclası keçirilib. İclas zamanı Avropaya enerji
dəhlizinin inkişafı məsələsi müzakirə olunub.
Trend bu barədə
“Green Corridor Alliance”a istinadən xəbər verir.
Məlumata görə, tədbirdə iştirakçı ölkələrin Energetika
nazirliklərinin nümayəndələri, o cümlədən Özbəkistan Energetika
nazirinin birinci müavini Baxtiyer Mamatkarimov, Azərbaycanın
Energetika nazirinin müavini Orxan Zeynalov, Qazaxıstan Energetika
nazirinin müavini İlyas Bakıtjan, eləcə də Asiya İnkişaf Bankının
(AİB) Özbəkistandakı nümayəndəliyinin direktoru Kanokpan Lao-Araya
iştirak ediblər.
Qeyd olunur ki, çıxışlar zamanı onlar layihənin strateji
əhəmiyyətini vurğulayaraq, regional enerji inteqrasiyasının
dərinləşdirilməsi və daha geniş Xəzər regionunda, eləcə də Avropa
istiqamətində “yaşıl keçid”in dəstəklənməsi üçün layihənin
vaxtlı-vaxtında və effektiv şəkildə həyata keçirilməsinin
vacibliyini qeyd ediblər.
İclasın ayrıca bölməsi layihənin texniki məsləhətçisi olan “CESI
SpA” şirkətinə həsr olunub. Şirkət tədqiqatların başlanması və yük
proqnozlaşdırılması ilə bağlı ətraflı hesabat təqdim edib.
Təqdimatda texniki qiymətləndirmələr, məlumatların toplanması,
həmçinin təklif olunan dəhliz çərçivəsində elektrik enerjisinə
tələbatın və enerji güclərinin uzunmüddətli proqnozlaşdırılması
sahəsində əldə olunan nailiyyətlər əks olunub.
İştirakçılar “Green Corridor Alliance” mexanizmi çərçivəsində
əməkdaşlığın davam etdirilməsinə sadiq olduqlarını təsdiqləyib və
layihənin texniki-iqtisadi əsaslandırılmasının növbəti mərhələləri,
eləcə də regional əlaqələndirmə istiqamətində işlərin davam
etdirilməsi barədə razılığa gəliblər.

