Azərbaycanın bugünkü uğurları ədalətin təntənəsidir – Vüqar Rəhimzadə

Baş səhifə

Bakı. Trend:

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider
Heydər Əliyevin anadan olmasının 103-cü ildönümündə Prezident İlham
Əliyevin və Birinci xanım Mehriban Əliyevanın azad olunmuş
ərazilərə səfər etmələri, Prezident İlham Əliyevin bu məkanlardan
verdiyi mesajlar hazırda ölkə və dünya mətbuatında geniş müzakirə
edilir. Ulu Öndərin ən böyük arzusu torpaqlarımızın işğaldan azad
edilməsi, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışı idi. 44
günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz, bir günlük
lokal antiterror tədbirləri nəticəsində suverenliyimizin tam
bərpasından sonra azad edilmiş bütün torpaqlarımızda üçrəngli
Bayrağımızın dalğalanması ilə Ulu Öndərin arzusu reallığa çevrildi.
Prezident İlham Əliyevin Cəbrayıl rayonunun Şükürbəyli kəndinə
köçən sakinlərlə görüşündə qeyd etdiyi kimi, biz – bu torpaqların
sahibləri nəinki bu torpaqları düşmən əlindən döyüşərək, şəhidlər
verərək aldıq, eyni zamanda, bu torpaqları canlandırdıq.

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva
Şükürbəyli kəndində inşa edilmiş fərdi evlərdə yaradılmış şəraitlə,
150 çarpayılıq Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının binasının
tikintisi ilə tanış oldular, Şükürbəyli kəndinə köçən sakinlərlə
görüşdülər. Prezident İlham Əliyev, həmçinin Cəbrayıl rayonunun
Soltanlı kəndində “AzərEnerji” ASC-nin 330 kV-luq “Şəfəq”
yarımstansiyasının açılışında iştirak etdi. Bir səfər çərçivəsində
görülən işlər ümumilikdə azad edilmiş ərazilərimizdə aparılan
genişmiqyaslı bərpa-quruculuq tədbirlərinin nə qədər genişmiqyaslı
olduğunu nümayiş etdirir. Qeyd edək ki, Böyük Qayıdış Proqramının
uğurlu icrası nəticəsində artıq 9 şəhər sakinlərinə qovuşub. May
ayının 10-da, Ümummilli Liderin doğum günündə növbəti ünvana –
Zəngilana qayıdış həyata keçirildi. Zəngilan rayonunun Ağalı kəndi
azad edilmiş ərazilərimizdə həyata keçirilən təkmil təcrübə –
“ağıllı şəhər” və “ağıllı kənd” strategiyası əsasında bərpa edilən,
həmçinin sakinlərinə qovuşan ilk yaşayış məntəqəsidir. Amma bu
məqamı qeyd etməliyik ki, Böyük Qayıdış Cəbrayıl rayonunun Cocuq
Mərcanlı kəndi ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi
ilə 1994-cü ildə həyata keçirilmiş Horadiz əməliyyatı zamanı Füzuli
rayonunun 20-dən çox yaşayış məntəqəsi ilə yanaşı, Cəbrayıl
rayonunun Cocuq Mərcanlı kəndi də işğaldan azad edilmişdi. Lakin
Lələtəpə yüksəkliyinin erməni işğalçılarının nəzarətində olması
kənd sakinlərinin Cocuq Mərcanlıya qayıtmasını mümkünsüz edirdi.
2016-cı ilin Aprel döyüşlərində rayonun Cocuq Mərcanlı kəndi
yaxınlığındakı Lələtəpə yüksəkliyi işğaldan azad edildikdən və bu
kənddə yaşayış üçün lazımi təhlükəsizlik şəraiti təmin olunduqdan
sonra Prezident İlham Əliyevin tapşırığı ilə burada müasir qəsəbə
salınıb və yerli sakinlərin geri qayıtması təmin olunub. O da
məlumdur ki, Cəbrayıl rayonu 44 günlük İkinci Qarabağ müharibəsində
ilk azad edilən rayon oldu. Prezident İlham Əliyev Cəbrayıl
sakinləri ilə görüşündə bu çağırışı etdi: “İndi Cəbrayıl rayonunda
bir neçə min insan yaşayır. İlk növbədə, Cəbrayıl şəhərində, –
şəhərin mərkəzi də buradan o qədər də uzaq deyil, – ondan sonra
Horovlu kəndində, Cocuq Mərcanlıda. Aprel döyüşlərindən sonra biz o
kəndi yenidən qurduq. Ən çox insanlar burada yaşayacaq, hələlik 635
ev. Amma mənə verilən məlumata görə, köçmək, qayıtmaq istəyənlərin
sayı daha çoxdur, təqribən 900-dən çoxdur. Ona görə kəndin ikinci
mərhələsini də biz nəzərdə tuturuq.

Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Vüqar
Rəhimzadə bildirib.

Milli Məclisin deputatı vurğulayıb ki, Prezident İlham Əliyev
Zəngilan şəhərində inşa olunmuş 104 mənzilli ilk yaşayış
kompleksinin açılışında iştirak etdi, “Zangilan City Park Hotel”in
təməlini qoydu. Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən
ailələrlə görüşüb, onlara mənzillərin açarlarını təqdim etdi.
Prezident İlham Əliyev istər Cəbrayıl, istərsə də Zəngilan rayon
sakinləri ilə görüşündə 30 illik işğal dövrünün reallıqlarından
geniş bəhs edərək ərazilərimizin tamamilə dağıdıldığını,
yerlə-yeksan edildiyini əsaslı şəkildə diqqətə çatdırdı. Azərbaycan
xalqı tarixi Zəfərimizdən ötən beş ildən artıq dövrdə bu əraziləri
qurub yaradır, soydaşlarımızın yaşayışı üçün bütün zəruri işlərin
görülməsinə səy göstərir. Azərbaycanın təkmil dirçəliş modeli, bu
torpaqlarda tətbiq etdiyi müasir idarəçilik sistemi beynəlxalq
səviyyədə təqdir edilir. Azərbaycan brendi sırasına “ağıllı şəhər”
və “ağıllı kənd” layihəsi də daxil edildi. Bütün azad edilmiş şəhər
və kəndlərimiz Baş Plan əsasında müasir tələblər səviyyəsində
qurulur. Bütün yeniliklər tətbiq edilir. Əhalinin məşğulluğunun
təmin edilməsi əsas prioritetlər sırasındadır.

Prezident İlham Əliyev qeyd etdiyimiz görüşlərdə hər bir rayonun
malik olduğu iqtisadi imkanlardan, onların əsasında görülən
işlərdən, yaradılan şəraitdən geniş bəhs etdi. Cəbrayıl rayonunda
“Araz Vadisi” Sənaye Zonası fəaliyyət göstərir. Azad edilmiş
ərazilərdə cəmi iki sənaye zonası nəzərdə tutulub – Ağdamda və
Cəbrayılda. Cəbrayılın gələcəkdə həm kənd təsərrüfatı, həm də
nəqliyyat nöqteyi-nəzərindən ölkəmiz üçün böyük töhfəsi olacağını
bildirən Prezident İlham Əliyev onu da əlavə etdi ki, Cəbrayılda ən
böyük Günəş elektrik stansiyaları inşa edilir. Artıq Zəngilanda,
Laçında, Kəlbəcərdə 300 meqavatdan çox su elektrik stansiyaları işə
salınıb, təqribən bir-iki il ərzində bu bölgənin Günəş və su
potensialı elektrik istehsalı üçün 700 meqavata yaxın olacaq. Bu,
ölkə üçün, məşğulluq üçün çox böyük xeyir gətirəcək. Azad edilmiş
bütün bu ərazilər ölkəmizin başqa əraziləri ilə yollarla, hava
limanları ilə, elektrik və su xətləri ilə bağlanır.

Vüqar Rəhimzadə qeyd edib ki, Zəngilan rayonuna gəldikdə
Qarabağda və Şərqi Zəngəzurda beynəlxalq status qazanan üç hava
limanından biri bu ərazidədir. Zəngilan şəhərinin Azərbaycan Milli
Şəhərsalma Forumuna ev sahibliyi bu torpaqda görülən işlərin
beynəlxalq ictimaiyyətə təqdimatında əhəmiyyətli rol oynadı.
Zəngilan nəqliyyat dəhlizinin üzərində yerləşir. Bu, Zəngilanı
nəinki Azərbaycanın, ümumilikdə regionun nəqliyyat mərkəzlərindən
birinə çevrilməsini şərtləndirir. Azad edilmiş ərazilərdə birinci
kənd təsərrüfatı müəssisəsi – “Dost Aqropark” məhz Zəngilanda
yaradılıb. Qeyd edək ki, 2022-ci ilin oktyabr ayında Azərbaycan və
Türkiyə Prezidentləri Zəngilan Beynəlxalq Hava Limanı ilə yanaşı,
“Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksinin birinci
mərhələsinin açılışında iştirak etmişdilər.

Prezident İlham Əliyev Zəngilan sakinləri ilə görüşündə 30 illik
işğal dövrünün reallıqları ilə bugünümüzü müqayisəli təhlil edərək
bir daha bildirdi ki, 30 il Zəngilan onların əlində idi. Əgər bu,
onların torpağı idisə, daşı-daş üstə qoyardılar. Zəngilanın o
dağılmış məscidini konservasiya etmişik, orada da kiçik bir
fotosərgi təşkil etmişik ki, heç kim unutmasın onlar bizim
dini-tarixi abidələrimizi nə günə salmışdılar. Bu, onların idisə,
tikib qurardılar. Cəmi beş il keçib, təkcə Zəngilan yox, görün, hər
yerdə quruculuq işləri aparılır. Yollar, körpülər, elektrik
stansiyaları, su anbarları, köçkünlər üçün evlər, məktəblər
tikilir. Bax, sahiblər belə edər. Talançı, işğalçı isə gələr sökər,
dağıdar. Amma nə qədər söksələr də, yenə də iradəmizi qıra
bilmədilər. Biz qayıtmalı idik və qayıtmışıq bu torpaqların
sahibləri kimi. İndi də qurub-yaradırıq.

Millət vəkili bildirib ki, Prezident İlham Əliyevin hər iki
görüşdəki çıxışı mühüm mesajlarla diqqətdədir və hazırda dünya
mətbuatında geniş şərh edilir. Prezident İlham Əliyevin elə bir
çıxışı yoxdur ki, 1992-ci ildə bilavasitə münaqişənin
nizamlanmasında vasitəçilik missiyasını yerinə yetirmək üçün
yaradılan, hazırda isə tarixin arxivinə atılan ATƏT-in Minsk
qrupunun fəaliyyətsizliyindən bəhs etməsin. Bu qurum, onun həmsədr
ölkələri fəaliyyətlərini Ermənistana dəstək missiyasını yerinə
yetirmək kimi başa düşərək bütün addımları bir məqsədə-Qarabağ
münaqişəsinin dondurulmasına yönəltmişdilər. Hər zaman bu məqamı
xüsusi qeyd edirik ki, həmin ölkələr həm də BMT Təhlükəsizlik
Şurasının daimi üzvləridir. Bu xatırlatma ona görə dönə-dönə edilir
ki, onlar Qarabağla bağlı 4 qətnamənin hazırlanmasında və qəbulunda
iştirak ediblər. Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi
olmasının, eyni zamanda, Ermənistan silahlı birləşmələrinin bu
ərazilərdən qeyd-şərtsiz çıxarılmasının vacibliyinin əksini tapdığı
həmin qətnamələrin qəbulunda iştirak edən dövlətlər reallıqda
tamamilə fərqli yanaşma nümayiş etdirdilər. İkili standartlara
əsaslanan siyasətin yaratdığı problemləri Azərbaycan istər keçmiş
Qarabağ münaqişəsinin həllində, istərsə də postmünaqişə dövründə
özünə qarşı daha aydın şəkildə görür. Prezident İlham Əliyev
Zəngilan sakinləri ilə görüşündə bir daha bu reallıqlara diqqəti
yönəltdi. “İkinci Qarabağ müharibəsi zamanı bizə nə qədər təzyiqlər
olsa da, onların heç biri nəticə vermədi” söyləyən Prezident İlham
Əliyev bildirdi ki, halbuki bizi dayandırmaq istəyənlərin sayı
kifayət qədər çox idi. Birincisi, o vaxt ATƏT-in Minsk qrupuna
rəhbərlik edən həmsədrlər, o ölkələr. Hərəsi öz səbəbinə görə bizi
dayandırmaq istəyirdi. 44 gün ərzində dəfələrlə bizə təzyiqlər
göstərilirdi. O ölkələr sıradan olan ölkələr deyil – onlar nüvə
dövlətləridir, onlar BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir.
Görün, biz kimlərlə üz-üzə qalmışdıq. Hər biri bu işğalı əbədi
etmək, bundan bir alət kimi istifadə etmək və nəticə etibarilə
Azərbaycan xalqına rahat nəfəs almaq imkanı verməmək üçün
dəridən-qabıqdan çıxırdı. Təkcə onlar deyil, başqa ölkələr də bizim
qələbəmizi istəmirdilər. Prezident İlham Əliyev onu da vurğuladı
ki, qısa müddət ərzində bizim qədər tam, mütləq, birmənalı qələbə
qazanan ikinci ölkə olmamışdır. Özü də biz bu müharibəni
Ermənistandan fərqli olaraq bütün beynəlxalq humanitar normalara
uyğun aparmışıq, Onlar bizim şəhərlərimizi, kəndlərimizi
“İsgəndər-M”, “Skad” və digər ballistik uzaqmənzilli raketlərlə
vururdular. Mülki əhaliyə qarşı həm Birinci Qarabağ, həm İkinci
Qarabağ müharibəsində müharibə aparırdılar. Biz isə ermənilərə
mənsub olan bir dənə də mülki obyekti dağıtmamışdıq.

Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycan xalqı bunların
qarşısında böyük iradə nümayiş etdirdi. Azərbaycan müstəqil dövlət
kimi hər zaman siyasətində qətiyyəti ilə beynəlxalq aləmin
diqqətindədir. Hər bir hədəfə doğru inamla addımlayan Azərbaycan
heç bir dövlətin diktəsi ilə oturub-durmur. Ədalətə və beynəlxalq
hüquqa söykənən müstəqil siyasəti Azərbaycanın bütün uğurlarının
əsasıdır. Bu gün sülh şəraitində yaşayırıq. Azərbaycanın dünyaya
təqdim etdiyi sülh təcrübəsi bütün reallıqların, keçilən yolun
təqdimatında əhəmiyyətli rol oynayır. Prezident İlham Əliyevin qeyd
etdiyi kimi, bu gün dünyada həm qalib, həm müharibəni müharibə
qanunlarına uyğun aparan, həm humanitar qaydalara riayət edən və
qurub-yaradan xalq kimi tanınmağımız Azərbaycanın hörmətini artıran
əsas səbəblərdəndir. Prezident İlham Əliyev çıxışında Ermənistana
öz maraqları naminə dəstək funksiyasını yerinə yetirən bəzi
dövlətlərə və onların liderlərinə də mesajlarını çatdırdı.
Vurğuladı ki, biz istəməsəydik, sülh olmayacaqdı. Biz istəsəydik,
istənilən hərbi əməliyyatı istənilən yerdə keçirə bilərdik. Bunu
Ermənistan rəhbərliyi də, onun arxasında duranlar da bilirlər. Nə
qədər onun arxasında dururlar dursunlar, bilirlər ki, bizim
gücümüzə qarşı onların heç bir şansı yoxdur, onlar acizdirlər:
“Gücləri var idisə, elə 2020-ci ildə kömək edərdilər də
Ermənistana. Bu gün Ermənistana gəlib özünü saxta qəhrəman kimi
göstərən bəzi xarici liderlər 2020-ci ildə elə həmin liderlər idi
də öz ölkələrində hakimiyyət başında, gəlib yiyə duraydılar da
Ermənistana. Boşboğazlıqdan başqa heç nə yoxdur. Onların da
işi-gücü boşboğazlıqdır, ona görə öz ölkələrində onların dəstək
əmsalı 10-15 faizdir.”

Millət vəkili bu ümumiləşdirməni aparıb ki, Azərbaycanın bugünkü
uğurları ədalətin təntənəsidir. Ədalətin və beynəlxalq hüququn
yanında olan Azərbaycana hazırda beynəlxalq dəstək göz
qabağındadır. Şanlı Qələbəmiz qürur mənbəyimizdir. Ölkəmizə hörmət,
rəğbət, xoş münasibət daha da möhkəmlənir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir