
Bakı. Trend:
Biznes subyektləri və startaplar WUF13-də aktiv iştirak
etməklə beynəlxalq təcrübədən yararlana, işgüzar əlaqələrini
genişləndirə, məhsul və xidmətlərini geniş auditoriyaya təqdim edə
bilərlər.
Məlum olduğu kimi 17–22 may 2026-cı il tarixlərində Bakı şəhəri
daha bir mötəbər tədbirə – Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü
sessiyasına (WUF13) ev sahibliyi edəcək. WUF13 qlobal miqyasda
dayanıqlı və innovativ şəhərsalma həllərinin müzakirə olunduğu, bu
sahədə “yaşıl iqtisadiyyat” və dövlət-özəl sektor əməkdaşlığının
prioritetləndirildiyi nüfuzlu platformadır. Bu tədbir yalnız
şəhərsalma mütəxəssisləri üçün deyil, sahibkarlar və startaplar
üçün də faydalıdır. Konfrans və sərgi (“Urban Expo”) olmaqla iki
hissədən ibarət forum biznes üçün bir sıra unikal imkanlar təqdim
edəcək.
Qlobal təcrübə və tərəfdaşlıq imkanları
WUF13 çərçivəsində təşkil olunacaq konfransda yerli və
beynəlxalq ekspertlərin, dövlət və özəl sektor nümayəndələrinin
iştirakı ilə dayanıqlı şəhərsalma həlləri, “yaşıl iqtisadiyyat” və
innovativ texnologiyalar mövzusunda geniş müzakirələr aparılacaq.
Bunun sahibkarlar üçün faydaları:
- Beynəlxalq təcrübə və bilik mübadiləsi: Qlobal
trendlər, uğurlu layihələr və innovativ həllər öyrənilir. - Biznes şəbəkəsinin genişləndirilməsi: Yeni
tərəfdaşlıqlar qurmaq və investisiya imkanlarını araşdırmaq imkanı
yaranır. - Beynəlxalq standartlara uyğunlaşma:
Sahibkarlar biznes strategiyalarını qlobal bazara uyğun şəkildə
təkmilləşdirə bilirlər.
Müxtəlif ölkələrdə təşkil olunmuş WUF-ların təcrübəsi göstərir
ki, sahibkar və startaplar bu tədbirdə iştirak etməklə bir sıra
müsbət geridönüşlər əldə edirlər.
“Urban Expo”: innovativ şəhərsalma həlləri
WUF13 çərçivəsində təşkil olunacaq “Urban Expo” sərgisi
sahibkarlara innovativ məhsullarını, “ağıllı şəhər”
texnologiyalarını və dayanıqlı həlləri geniş auditoriyaya təqdim
etmək imkanı verəcək. Burada sahibkarlar:
- beynəlxalq investorlar və tərəfdaşlarla birbaşa əlaqə qura
biləcək; - yeni bazarlara çıxış imkanlarını genişləndirəcək;
- innovativ layihələrini tanıtmaq və qlobal auditoriya ilə
paylaşmaq imkanı əldə edəcəklər.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və WUF13
Əməliyyat Şirkətinin birgə əməkdaşlığı çərçivəsində sahibkarlar
üçün WUF13-ün biznes üçün faydalarına dair “Bakı KOB evi”ndə
məlumatlamdırma sessiyası təşkil olunub. KOBİA-nın təşkilatçılığı
ilə forumun Biznes və İnnovasiya Mərkəzində mayın 21-də
“Kiçik və orta bizneslərin dayanıqlı, inklüziv və davamlı
şəhərlərin qurulmasında əsas iştirakçı kimi rolunun
gücləndirilməsi” mövzusunda panel müzakirə təşkil olunacaq.
Tədbirin keçirilməsində əsas məqsəd KOB-ların dayanıqlı şəhər
inkişafında rolunun gücləndirilməsi, inklüziv və davamlı şəhər
mühitlərinin formalaşdırılmasına töhfələrini artırmaqdır. Həmçinin
“Urban Expo” sərgisində KOBİA və Azərbaycan Tikinti İstehsalçıları
Assosiasiyasının birgə stendində tikinti və şəhərsalma sahəsində
fəaliyyət göstərən sahibkarların məhsul və xidmətləri nümayiş
olunacaq, eləcə də stenddə Agentliyin sahibkarlara göstərdiyi
dəstək və xidmətlər barədə forum müddətində məlumat
veriləcəkdir.
Biznes və İnnovasiya Mərkəzində sahibkarlar və
startaplar üçün imkanlar
Ümumilikdə, Biznes və İnnovasiya Mərkəzində “Şəhərsalma dəyər
zəncirinin praktik tətbiqi” mövzusunda 15 sessiya keçiriləcək. Bu
interaktiv sessiyalarda dayanıqlı şəhərsalma və layiqli mənzil
təminatının tərəfdaşlar, şirkətlər və biznes assosiasiyaları
tərəfindən həyata keçirilən real layihələr və təcrübələr sayəsində
necə inkişaf etdirildiyi nümayiş etdiriləcək. Özəl sektoru bütün
müxtəlifliyi ilə əks etdirən Mərkəz irimiqyaslı şirkətlərdən tutmuş
kiçik və orta bizneslər, startaplar və biznes assosiasiyalarına
qədər geniş iştirakçı auditoriyasını ehtiva etməklə yanaşı,
innovasiya, texnologiya və şəhərsalma problemləri ilə bağlı yeni
yanaşmaları ön plana çıxaracaq. Mərkəz həmçinin şəhərlər,
investorlar və biliklərini təcrübədə tətbiq edən mütəxəssislər
arasında mübadiləni təşviq edərək ideyaların icra yönümlü
yanaşmalara çevrilməsinə və şəhərsalma üzrə dəyər zənciri sahəsində
əməkdaşlığın gücləndirilməsinə töhfə verəcək.
Həmçinin Biznes və İnnovasiya Mərkəzində yeni yaradılmış
şirkətlərin və gənc sahibkarların öz innovasiyalarını nümayiş
etdirmələri üçün xüsusi məkan – Startap Pavilyonu təqdim olunacaq.
Dünya üzrə 10 ölkədən seçilmiş 14 startap layihəsinin iştirakı
etdiyi bu pavilyonun məqsədi yeni subyektlərin səsinə səs vermək və
həm mənzil təminatının, həm də şəhərsalma problemlərinin həlli üçün
miqyaslanan ideyaları ön plana çıxarmaqdır.
Sahibkarlar və startaplar WUF13-ün Biznes və İnnovasiya Mərkəzi
və sərgi, ümumiyyətlə forumun proqramı barədə ətraflı məlumat əldə
etmək üçün linkə keçid edə bilərlər: https://wuf.unhabitat.org/main-events
Beləliklə, WUF13 şəhərsalma ilə bağlı yeniliklərin müzakirə
olunduğu tədbir olmaqla yanaşı, həm də sahibkarlar və startaplar
üçün qlobal trendlərlə tanış olmaq, innovativ ideya və məhsullarını
təqdim etmək, yeni tərəfdaşlıqlar qurmaq, eləcə də dayanıqlı və
“ağıllı şəhər” konsepsiyalarının inkişafında aktiv iştirak etmək
üçün əlverişli platformadır.

