Sahibə Qafarova Slovakiya Milli Şurasının sədri ilə görüşüb, Anlaşma Memorandumu imzalanıb (FOTO)

Baş səhifə

Bakı. Trend:

Mayın 13-də ölkəmizdə rəsmi səfərdə olan Slovakiya Respublikası
Milli Şurasının sədri Rixard Raşinin başçılıq etdiyi nümayəndə
heyəti Milli Məclisə gəlib. Qonaqları Milli Məclisin sədri Sahibə
Qafarova qarşılayıb.

Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə
əlaqələr şöbəsindən məlumat verilib.

Slovakiya Milli Şurasının sədri əvvəlcə Milli Məclisin plenar
iclas zalı ilə tanış olub. Ulu Öndər Heydər Əliyevin adını daşıyan
xatirə zalına gələn qonaqlar burada Azərbaycan xalqının Ümummilli
Lideri Heydər Əliyevin həyatının və siyasi fəaliyyətinin müxtəlif
dövrlərini əks etdirən eksponatlara baxıblar.

Slovakiya Milli Şurasının sədri Rixard Raşi buradakı Xatirə
kitabına ürək sözlərini yazıb.

Sonra tərəflər arasında geniş tərkibdə görüş keçirilib.

Milli Məclisin sədri özünün Slovakiyaya rəsmi səfərini
xatırladaraq, həmin səfər zamanı keçirdiyi görüşlərdən məmnunluğunu
ifadə edib. O, Slovakiya Respublikası Milli Şurası sədrinin bu
vəzifədə Azərbaycana ilk səfəri olduğunu, bu səfərin
parlamentlərarası münasibətlərimizin davamlı şəkildə inkişaf
etdiyinin göstəricisi olduğunu diqqətə çatdırıb.

Spiker Sahibə Qafarova 2022-ci ildə qonağın Azərbaycana deputat
kimi səfəri zamanı işğaldan azad olunmuş ərazilərimizə getməsini
məmnunluqla qeyd edib və bu dəfə həmin ərazilərə səfər zamanı orada
aparılmış quruculuq işlərinin qonaqlarda dərin təəssürat
yaradacağına əminliyini bildirib.

İkitərəfli əlaqələrin inkişafı üçün yüksək səviyyəli qarşılıqlı
səfərlərin vacibliyini qeyd edən spiker bu baxımdan ölkə
başçılarının qarşılıqlı səfərlərinin önəmini vurğulayıb. Spiker son
illər ərzində münasibətlərimizin strateji tərəfdaşlıq səviyyəsinə
yüksəldiyini, bu baxımdan 2024-cü ilin mayında iki ölkə arasında
imzalanmış “Strateji Tərəfdaşlığın Qurulması haqqında Birgə
Bəyannamə”nin gələcək əməkdaşlıq sahələrini müəyyənləşdirdiyini
diqqətə çatdırıb.

İki ölkənin parlamentlərarası münasibətlərindən söz açan spiker
qeyd edib ki, bu əməkdaşlıqda qarşılıqlı səfərlərin və parlament
dostluq qruplarının xüsusi rolu var. Parlamentlərin həm ikitərəfli
qaydada, həm də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı
fəaliyyəti həm ölkələr arasında əlaqələrin inkişafına, həm də
davamlı inkişaf naminə əməkdaşlığa müsbət təsir göstərir.

Milli Məclisin sədri qonağa Azərbaycan parlamentinin tarixi,
indiki strukturu və fəaliyyəti barədə məlumat verib.

Milli Məclisdə olmaqdan məmnunluğunu bildirən Slovakiya
Respublikası Milli Şurasının sədri Rixard Raşi ölkəmizə səfəri və
bu gün Prezident İlham Əliyevlə görüşü barədə təəssüratlarını
bölüşüb. O, Prezident İlham Əliyevin 2025-ci ilin dekabrında
Slovakiyaya səfərinin Azərbaycan Prezidentinin Slovakiyaya ilk
rəsmi səfəri kimi mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb.

Söhbət zamanı Rixard Raşi parlamentlərarası əlaqələrin
vacibliyini vurğulayaraq, bu baxımdan parlament üzvləri, parlament
komitələri, parlamentlərarası əlaqələr üzrə işçi qrupları arasında
mütəmadi səfərlərin və təcrübə mübadiləsinin əhəmiyyətindən
danışıb, Slovakiya parlamentinin strukturu barədə məlumat
verib.

Slovakiya Milli Şurasının sədri gələn həftə Bakıda keçiriləcək
Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13)
vacibliyinə də toxunaraq, bu tədbirin əhəmiyyətini qeyd edib.

Görüşdə qonaq iki ölkə arasında iqtisadi, təhsil, mədəniyyət,
müdafiə sənayesi, enerji təhlükəsizliyi və digər sahələrdə
münasibətlərin inkişaf perspektivləri barədə fikirlərini
bölüşüb.

Söhbət zamanı Avropa Parlamentinin parlament diplomatiyasına və
konstruktiv dialoqa uyğun gəlməyən fəaliyyəti ilə bağlı fikir
mübadiləsi aparılıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə
olunub.

Görüşdən sonra Azərbaycan Respublikasının Milli Məclisi ilə
Slovakiya Respublikası Milli Şurası arasında Anlaşma Memorandumu
imzalanıb. Anlaşma Memorandumunu Milli Məclisin sədri Sahibə
Qafarova və Slovakiya Milli Şurasının sədri Rixard Raşi
imzalayıblar.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir