
Bakı.Trend:
Xəzər sahillərində su geri çəkilməyə davam edir.
Trend xəbər verir
ki, bunu aprel ayında başa çatan Rusiyanın “Yeni Delta 2026”
kompleks dəniz elmi-coğrafi ekspedisiyası təsdiqləyib.
Ekspedisiyada Xəzər donanmasının Hidroqrafiya Xidmətinin
gəmilərində Rusiya Elmlər Akademiyasının P.P. Şirşov adına
Okeanologiya İnstitutunun və Həştərxan Biosfer Qoruğunun alimləri
iştirak ediblər. Tədqiqatlar Volqa-Xəzər dəniz gəmiçilik kanalının
akvatoriyasında və Xəzərin şimal hissəsində aparılıb.
Araşdırmalar dənizin sahil xəttində baş verən dəyişikliklərlə
bağlı operativ məlumatların əldə edilməsinə imkan verib. Alimlərin
gəldiyi qənaətə görə, Xəzər dənizində mövcud olan və yeni
formalaşan adalar böyüməyə davam edir. Çistaya Banka adasının
sahəsi 2019-cu illə müqayisədə iki dəfə artıb.
Tbilisi dayazlığının yerində yaranmış ada isə ötən illə
müqayisədə üç dəfə genişlənib.
Ekspedisiyanın iştirakçıları Şimali Xəzərdə axının sürəti və
istiqamətinin ölçülməsi üzrə hidrofiziki işlər aparıb, laborator
şəraitdə hidrokimyəvi göstəricilərin müəyyənləşdirilməsi üçün
nümunələr götürüblər.
“Hazırda bir məsələ aydındır – dənizin səviyyəsi enməkdə davam
edir”, – deyə ekspedisiyanın rəhbəri, Okeanologiya İnstitutunun
Xəzər filialının kiçik elmi işçisi İvan Yermakov bildirib.

