Azərbaycanda “Açıq Maliyyə” modeli üzrə strateji hədəflər açıqlanıb

Baş səhifə

Bakı. Trend:

Azərbaycanda 2027–2030-cu illəri əhatə edən maliyyə sektorunun
inkişaf strategiyası çərçivəsində “Açıq Bankçılıq” və “Açıq
Maliyyə” ekosisteminin genişləndirilməsi prioritet istiqamətlərdən
biri olacaq.

Trend xəbər verir
ki, Azərbaycan Mərkəzi Bankının təqdim etdiyi strateji hədəflərə
əsasən, rəqəmsal maliyyə xidmətlərinin əlçatanlığının artırılması,
innovativ ödəniş həllərinin tətbiqi və maliyyə institutları
arasında inteqrasiyanın gücləndirilməsi nəzərdə tutulur.

Strategiyada ilk istiqamət kimi hüquqi şəxslər üçün “Açıq
Bankçılıq” çərçivəsində ödəniş əməliyyatları üzrə vasitəçilik
xidmətinin (PIS – Payment Initiation Service) inteqrasiyası müəyyən
edilib. Bu yanaşma biznes subyektlərinə bank sistemləri arasında
daha çevik və sürətli ödəniş imkanları yaradacaq, eyni zamanda
rəqəmsal əməliyyatların genişlənməsinə təkan verəcək.

Sənəddə ikinci prioritet “Açıq Bankçılıq” ekosistemində
iştirakçı sayının artırılmasıdır. Bu çərçivədə banklarla yanaşı,
fintex şirkətləri və digər maliyyə xidmətləri təminatçılarının da
sistemə cəlb olunması planlaşdırılır. Məqsəd maliyyə bazarında
rəqabətliliyin yüksəldilməsi və innovativ xidmətlərin çeşidinin
genişləndirilməsidir.




Strategiyanın digər mühüm istiqaməti “Açıq Maliyyə” çərçivəsində
bankların və digər maliyyə təşkilatlarının vahid ekosistemə
qoşulmasının təmin edilməsidir. Bu model müxtəlif maliyyə
institutları arasında məlumat mübadiləsinin və xidmət
inteqrasiyasının daha effektiv şəkildə həyata keçirilməsinə imkan
yaradacaq.

Bundan əlavə, ödəniş əməliyyatları üzrə vasitəçilik xidmətinin
müxtəlif platformalarda “PIS as a Service” modeli əsasında tətbiqi
də strateji hədəflər sırasındadır. Bu model vasitəsilə rəqəmsal
platformalar və biznes subyektləri ödəniş xidmətlərini daha asan
inteqrasiya edə biləcək və elektron ticarət əməliyyatlarının
sürətlənməsi mümkün olacaq.

“Nəzərdə tutulan təşəbbüslər Azərbaycanın maliyyə sektorunda
rəqəmsallaşmanın dərinləşməsinə, innovasiya əsaslı maliyyə
xidmətlərinin inkişafına və beynəlxalq maliyyə standartlarına
uyğunlaşmanın sürətlənməsinə mühüm töhfə verəcək. Strategiyanın
həyata keçirilməsi nəticəsində həm istehlakçılar, həm də biznes
subyektləri üçün daha çevik, təhlükəsiz və inteqrasiya olunmuş
maliyyə mühiti formalaşa bilər”, – məlumatda qeyd edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir