
2025-ci ildə Azərbaycanda şəxsiyyət əleyhinə qeydə alınan cinayətlərin sayı artıb.
Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, ötən il bu kateqoriya üzrə 5590 cinayət qeydə alınıb. Bu, 2024-cü illə müqayisədə 4,7 faiz çoxdur.
Həyat və sağlamlıq əleyhinə olan cinayətlərin sayı 4736-dan 4806-ya yüksəlib. Bu kateqoriyada ən çox qeydə alınan hallar qəsdən sağlamlığa yüngül zərər vurma olub. Belə cinayətlərin sayı 3539-dan 3654-ə çatıb.
Qəsdən adam öldürmə və adam öldürməyə cəhd faktları da artıb. 2024-cü ildə bu göstərici 218 olduğu halda, 2025-ci ildə 220 qeydə alınıb. Bununla yanaşı, qəsdən adam öldürmə faktlarının sayı 161-dən 147-yə düşüb.
Statistikada ən ciddi artımlardan biri şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə olan cinayətlərdə qeydə alınıb. Belə cinayətlərin sayı bir il ərzində 209-dan 366-ya yüksəlib. Bu isə 75,1 faiz artım deməkdir.
Zorlama və zorlamağa cəhd halları 14-dən 20-yə yüksəlib. Digər kateqoriyalar üzrə cinsi xarakterli cinayətlər isə 195-dən 346-ya çatıb.
Şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə olan cinayətlərin sayı da artaraq 237-dən 245-ə yüksəlib. Adam oğurluğu faktları 15-dən 26-ya, evlənmək məqsədilə qadın oğurluğu isə 8-dən 15-ə yüksəlib.
Bununla yanaşı, insan alveri faktlarında azalma qeydə alınıb. 2024-cü ildə 161 belə cinayət qeydə alınsa da, ötən il bu rəqəm 152 olub.

