
Bakı. Trend:
Elm və Təhsil Nazirliyinin tabeliyində yeni elmi müəssisələr
yaradılıb.
Trend xəbər
verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar
imzalayıb.
Qərara əsasən, Elm və Təhsil Nazirliyinin tabeliyində müasir
infrastruktura və beynəlxalq standartlara uyğun elmi tədqiqat və
təcrübi istehsalat bazasına malik publik hüquqi şəxs statuslu
aşağıdakı elmi müəssisələr yaradılıb:
- Qarabağ Regional Elmi Tədqiqatlar və İnnovasiyalar
İnstitutu; - Tətbiqi Elmlər İnstitutu.
Yeni yaradılan publik hüquqi şəxslərin təsisçisinin
səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə
edilib:
- Nazirlər Kabinetinə publik hüquqi şəxslərin yenidən təşkili və
ləğv edilməsi; - Elm və Təhsil Nazirliyinə yuxarıdakı abzasda qeyd edilənlər
istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” Qanunla publik
hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər
məsələlərin həll edilməsi.
Elm və Təhsil Nazirliyi yeni yaradılan publik hüquqi şəxslərin
nizamnamələrini iki ay müddətində təsdiq etməlidir.
Nazirlik publik hüquqi şəxslərin dövlət qeydiyyatına alınması
üçün onların nizamnamələri təsdiq edildikdən sonra 3 gün müddətində
“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”
Qanunla müəyyən edilmiş qaydada tədbirlər görməlidir.

