Qarabağa investisiya axını artır

Baş səhifə

Xankəndi. Trend:

“Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində dayanıqlı
məskunlaşmanın təmin olunması, ərazilərin yerli və xarici dəyər
zəncirinə inteqrasiyası, investisiyaların cəlb edilməsi,
sahibkarlıq mühitinin yaxşılaşdırılması, kənd təsərrüfatı və
turizmin inkişafı istiqamətində ardıcıl tədbirlər görülür.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti
və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata
görə, bu məqsədlə sənaye parklarının fəaliyyəti genişləndirilir,
vergi və gömrük güzəştləri tətbiq olunur, həmçinin sahibkarların
maliyyə imkanlarının artırılması üçün müxtəlif dəstək mexanizmləri
həyata keçirilir.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi
Xidmətinin Qarabağ Ərazi Vergilər Baş İdarəsinin rəisi Ələkbər
Məmmədov ötən dövr ərzində işğaldan azad edilmiş ərazilərdə bərpa
və quruculuq işlərinə dövlət büdcəsindən 25 milyard manatdan çox
vəsaitin ayrıldığını bildirib.

Ə.Məmmədov onu da deyib ki, Qarabağ bölgəsində xarici
investisiyaların həcmi də genişlənir.




Xarici şirkətlərdən daxil olmuş müraciətlər 39 ölkəni əhatə
edir. Müraciətlər arasında Türkiyə, İran, Macarıstan, Qazaxıstan və
Rusiyadan olan investorların payı daha yüksəkdir. Bu göstərici
bölgəyə beynəlxalq marağın artdığını və Qarabağda yaradılan biznes
mühitinin investorlar üçün cəlbedici olduğunu nümayiş etdirir.
Hazırda xarici investorların iştirakı ilə bir sıra iri layihələr
icra olunur. Həyata keçirilən təşəbbüslər çərçivəsində Türkiyənin
“Dəmirörən” və “Dost Aqropark”, Özbəkistanın “Agro Sonuat
İnnovator” şirkəti tərəfindən nar bağlarının salınması, Litvanın
AVİZ-də “Dominari” mebel klasteri, İsveçrənin AVİZ-də “Holcim”
sement anbarı, Rusiyanın AVİZ-də “Kamaz” xidmət mərkəzi, Pakistanın
“Azerbaijan Rice Processing Mill” MMC, eləcə də Belarusiyanın
“Agrokombinat Dzerjinski” ASC tərəfindən quşçuluq təsərrüfatının
yaradılması kimi layihələr həyata keçirilir. Bu layihələr regionda
istehsal və xidmət infrastrukturunun genişləndirilməsinə xidmət
edir.

Ə.Məmmədov vurğulayıb ki, Qarabağ bölgəsində investisiya
layihələrinin həyata keçirilməsi yalnız iqtisadi fəallığın
artırılmasına deyil, həm də yeni iş yerlərinin yaradılmasına, yerli
sahibkarlığın inkişafına və müasir texnologiyaların tətbiqinə
şərait yaradır. Xarici tərəfdaşlarla əməkdaşlıq çərçivəsində həyata
keçirilən layihələr bölgənin istehsal potensialının
gücləndirilməsinə mühüm töhfə verir.

Qeyd olunub ki, bölgədə müəyyən edilmiş prioritet istiqamətlərə
uyğun olaraq kənd təsərrüfatı, turizm, emal sənayesi və xidmət
sektoru əsas inkişaf sahələri kimi müəyyən edilib. Bu sahələr üzrə
layihələrin icrası Qarabağın iqtisadi inteqrasiyasını sürətləndirir
və dayanıqlı inkişaf modelinin formalaşmasına xidmət edir.
Qarşıdakı dövrdə də xarici investorlarla əməkdaşlığın
genişləndirilməsi və yeni layihələrin cəlb olunması istiqamətində
işlər davam etdiriləcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir