
Bakı. Trend:
ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun rüblük
ingilisdilli nəşri olan “Bakı Dialoqları” (“Baku Dialogues”)
jurnalının 2026-cı ilin yaz buraxılışı işıq üzü görüb.
“Dünyaya Məskən Olmaq: Təhlükəsiz və Dayanıqlı Şəhərlər və
İcmalar” başlığı ilə təqdim olunan bu buraxılış BMT-nin Dünya
Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) açılışı ərəfəsində
yayımlanıb və dayanıqlı şəhərlərin qurulması, mənzil siyasəti və
inklüziv urban inkişaf məsələlərinin beynəlxalq gündəmdə artan
əhəmiyyətini əks etdirir. Buraxılışın qonaq redaktoru Akademik
məsələlər üzrə prorektorun müşaviri, İctimai və beynəlxalq
münasibətlər fakültəsinin baş müəllimi və Jan Mone kafedrasının
rəhbəri Anar Vəliyevdir.
Jurnalın bu buraxılışında mənzil siyasətinin gələcəyi,
təhlükəsiz və dayanıqlı şəhərlərin qurulması, urban transformasiya
prosesləri və post-münaqişə dövründə icma quruculuğu kimi məsələlər
geniş analitik çərçivədə təhlil edilir. Müəlliflər sürətlə dəyişən
qlobal urbanizasiya tendensiyalarını həm beynəlxalq təcrübə, həm də
Azərbaycan nümunəsi əsasında qiymətləndirirlər.
Buraxılışın ilk bölməsi “Mənzil və Şəhərlərin gələcəyi” mənzil
siyasətinin şəhərlərin gələcəyinin formalaşdırılmasında oynadığı
rol araşdırılır. BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru
Anaklaudia Rossbaxın “Mənzil Məsələləri Diqqət Mərkəzində”
məqaləsində mənzil təminatının sosial dayanıqlılıq və inklüziv
inkişaf baxımından strateji əhəmiyyəti təhlil olunur. Silja
Tillnerin “İnklüziv Yaşayış Mühütü: Vyana təcrübəsi” yazısında isə
Vyana təcrübəsi əsasında inklüziv şəhər planlaşdırmasının əsas
prinsipləri dəyərləndirilir.
“Bakıda və Azərbaycanda Mənzil Siyasəti: Onilliklər boyu
transformasiya” bölməsi Azərbaycanda mənzil və şəhərsalma
siyasətinin transformasiyasına həsr olunub. Bayram Axundov və Leyla
Seyfutdinovanın “İcmalar Əsaslı Şəhər Yenidənqurması və Mədəni İrs”
məqaləsində urban yenidənqurma proseslərinin tarixi irsin qorunması
ilə əlaqəsi araşdırılır. Emir Hüseynovun “Yaşayış üçün Şəhərlər”
yazısında insan mərkəzli şəhər konsepsiyası və müasir urban
idarəetmə yanaşmaları təhlil edilir.
Bakıda əlçatan yaşayış məsələləri də ayrıca diqqət mərkəzində
saxlanılıb. Karl Haddrell və Aysel Kərimlinin “Bakıda Əlçatan
Mənzil” məqaləsində paytaxtda mənzil əlçatanlığı problemi və mümkün
siyasət həlləri qiymətləndirilir. Deniz Özge Aytaçın “Bakıda Mənzil
Təminatından Kənar” yazısında isə şəhər inkişafının yalnız yaşayış
təminatı ilə məhdudlaşmayan daha geniş sosial və urban aspektləri
araşdırılır.
Buraxılışın “Qarabağa Böyük Qayıdış” bölməsi Qarabağda bərpa və
yenidənqurma proseslərinə həsr olunub. Leyla Həsənovanın “Mənzil
Dayanıqlılığı” məqaləsində kimlik və mədəni yaddaşa əsaslanan
memarlıq yanaşmalarının icma dayanıqlılığının
formalaşdırılmasındakı rolu təhlil edilir. Lala Cumayeva, Fidan
Namazova və Anar Vəliyevin birgə qələmə aldıqları “Davamlı və
Dayanıqlı İcmaların Qurulması” yazısında isə azad edilmiş
ərazilərdə dayanıqlı yaşayış məkanlarının qurulması məsələləri
araşdırılır.
“Bakı Dialoqları” jurnalının bu buraxılışı şəhərlərin gələcəyi,
sosial inklüzivlik və dayanıqlı urban inkişaf məsələlərinə dair
beynəlxalq və regional baxışları bir araya gətirərək regionda urban
siyasət müzakirələrinə mühüm töhfə verir.
Jurnalın tam versiyası ilə tanış olmaq və yükləmək üçün bakudialogues.idd.az səhifəsinə daxil ola
bilərsiniz.

