WUF13 günlərində metronun iş rejimi dəyişdiriləcək

Baş səhifə

Bakı.Trend:

Mayın 17-22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun
13-cü Sessiyası (WUF13) ilə əlaqədar AZCON Holding şirkətlərindən
olan “Bakı Metropoliteni” QSC-də gücləndirilmiş iş rejimi tətbiq
olunacaq.

“Bakı Metropoliteni” QSC-dən Trend-ə verilən məlumata görə, paytaxtda
keçiriləcək mədəni-kütləvi tədbirlər və əməliyyat planına uyğun
olaraq, sərnişin axınının təhlükəsiz və fasiləsiz idarə olunması
məqsədilə qatarların hərəkət qrafikində dəyişikliklər ediləcək.

Belə ki, tədbirin ilk günü – mayın 17-si qeyri-iş gününə təsadüf
etsə də, qatarların hərəkəti şənbə günü qrafikinə uyğun təmin
olunacaq.

Həmin gün “28 May–Əhmədli” və əks istiqamətdə interval 2 dəqiqə
30 saniya təşkil edəcək.




Sessiyanın digər günlərində isə qatarlar ənənəvi iş günü
qrafikinə uyğun, texniki cəhətdən mümkün olan ən sıx hərəkət
rejimində fəaliyyət göstərəcək. “28 May–Əhmədli” sahəsində interval
1 dəqiqə 45 saniyə olacaq.

Bənövşəyi xətdə, həmçinin “Əhmədli–Həzi Aslanov” və “Cəfər
Cabbarlı–Xətai” məkik hərəkət mənzillərində qrafik
dəyişdirilməyəcək.

Bundan əlavə, sərnişin sıxlığının operativ tənzimlənməsi
məqsədilə ehtiyat qatarlar hazır vəziyyətdə saxlanılacaq.

Qeyd edək ki, WUF13 günlərində Bakı metropolitenində könüllülər
də fəaliyyət göstərəcəklər. Ümumilikdə 56 könüllü 9 stansiyada
növbəli rejimdə (07:00-15:00 və 15:00-22:00) çalışaraq
sərnişinlərə, tədbir iştirakçılarına dəstək olacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir