Səhiyyə Nazirliyi WUF13 ilə əlaqədar həyata keçirilən işləri açıqlayıb

Baş səhifə

Bakı.Trend:

Səhiyyə Nazirliyi tərəfindən Ümumdünya Şəhərsalma Forumunun On
Üçüncü Sessiyasının (WUF13) tibbi təminatını həyata keçirəcək tibb
müəssisələrinə, yəni Bakı Sağlamlıq Mərkəzi, Milli Oftalmologiya
Mərkəzi, Mərkəzi Klinika, Liv Bona Dea, İnternational Medical
Centre (Baku Medical Plazanın Babək filialı) və Məlhəm Hospitala
yerində baxış keçirilib, rəhbərlikləri ilə görüş zamanı şərait,
maddi-texniki baza və heyətin ilkin hazırlığı qiymətləndirilib.

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, məsələ ilə əlaqədar
tibb müəssisələri tərəfindən koordinatorlar təyin edilib.

Bildirilib ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin
tabeliyində olan bir sıra müəssisələr də, yəni Yeni Klinika,
Kliniki Tibbi Mərkəz, Mərkəzi Neftçilər Xəstəxanası, Məhəmmədi
Modul Tipli Xəstəxana, Respublika Təcili və Təxirəsalınmaz Tibbi
Yardım Mərkəzi tibbi yardımın göstərilməsi ilə bağlı tədbirə cəlb
olunub.

Tədbirin keçiriləcəyi məkanda işin təşkili və koordinasiyası
məqsədi ilə Səhiyyə Nazirliyinin əməkdaşları ayrılıb.




Tədbirlə bağlı zəruri olan tibbi avadanlıq, dərman preparatları
və tibbi ləvazimatlara olan tələbat müəyyənləşdirilib və təmin
edilib.

Həmçinin Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən
tibb müəssisələrindən tədbir zamanı yaradılan tibb məntəqələrində,
zəruri olduğu halda tibbi xidmətin göstərilməsi üçün həkim və orta
tibb işçisi ayrılacaq.

Sanitariya-gigiyena nəzarəti sahəsində tədbirlərin görülməsi
məqsədilə qonaqların kütləvi toplaşdıqları məkanlarda (tədbir
məkanları və digər) mütəmadi dezinfeksiya işlərinin aparılması,
ictimai iaşə müəssisələrində, mehmanxanalarda, restoranlarda birgə
monitorinqlərin keçirilməsi nəzərdə tutulub.

Xatırladaq ki, Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü
Sessiyası bu il mayın 17–22-də Bakı şəhərində keçiriləcək.
Dayanıqlı şəhərlərin inkişafına həsr olunan bu mötəbər tədbir
şəhərsalma, ətraf mühitin mühafizəsi və iqlim dayanıqlılığı
məsələləri üzrə qlobal dialoq və əməkdaşlıq üçün mühüm beynəlxalq
platformadır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir