
Bakı. Trend:
Bu ilin yanvar-aprel aylarında Azərbaycanın qeyri-neft sektoru
üzrə ixracı (qeyri-monetar qızıl istisna olmaqla) 2025-ci ilin
müvafiq dövrü ilə müqayisədə 13% artaraq 1,1 milyard ABŞ dolları
təşkil edib.
Trend xəbər
verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya
Mərkəzi (İİTKM) “İxrac icmalı”nın 2026-cı ilin may sayına dair
ilkin göstəricilərində bildirilib.
İcmala əsasən, cari ilin yanvar-aprel aylarında ixrac olunan
şəkər ötən ilin müvafiq dövrünə nəzərən 4 dəfə, pambıq iplik 2,3
dəfə, bitki və heyvan mənşəli piylər və yağlar 71%, pambıq lifi
49,9%, meyvə-tərəvəz 22,1%, alüminium və onlardan hazırlanan
məmulatlar 32,2%, çay 12,1%, spirtli və spirtsiz içkilər isə 9,4%
artıb.
2026-cı ilin yanvar-aprel aylarında aqrar məhsullar üzrə ixrac
28,3% artaraq 298,3 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları
üzrə ixrac 31,6% artaraq 119 milyon ABŞ dolları təşkil edib.
Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 29,1%
artaraq 417,3 milyon ABŞ dollarına bərabər olub.

