
Bakı. Trend:
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) keçirilən
“Memarlıq həftəsi” çərçivəsində Azərbaycan Yerüstü Nəqliyyat
Agentliyinin (AYNA) təşkilatçılığı ilə “Şəhərsalma mühitində
mikromobilliyin qurulması” mövzusunda infosessiya keçirilib.
Tədbiri giriş sözü ilə açan Memarlıq fakültəsinin dekanı,
professor Zahidə Məmmədova şəhərsalma prosesində müasir nəqliyyat
həllərinin və dayanıqlı mobillik prinsiplərinin əhəmiyyətindən
danışıb. Zahidə Məmmədova tələbələrin bu sahədə
maarifləndirilməsinin vacibliyini vurğulayaraq belə görüşlərin
gələcək memar və şəhərsalma mütəxəssislərinin peşəkar inkişafına
töhfə verdiyini qeyd edib.
AYNA-nın Daxili kommunikasiya və tədbirlərin təşkili şöbəsinin
müdiri Elmira Abasova mikromobillik infrastrukturunun inkişaf
etdirilməsi istiqamətində görülmüş işlər barədə tələbələrə ətraflı
məlumat verib. Bildirib ki, mikromobilliyin tətbiqi əhalinin
mobilliyini artırmaq, şəhər mərkəzlərində nəqliyyat yükünü azaltmaq
və ekoloji vəziyyəti yaxşılaşdırmaq məqsədi daşıyır. Dünyanın bir
çox şəhərlərində olduğu kimi paytaxt Bakıda da nəqliyyat sıxlığının
aradan qaldırılması, velosiped və elektrik mühərrikli kiçik
nəqliyyat vasitələri istifadəçilərinin, eləcə də digər yol hərəkəti
iştirakçılarının təhlükəsizliyinin təmini istiqamətində mühüm
işlərin həyata keçirildiyi diqqətə çatdırılıb.
Elmira Abasovanın sözlərinə görə, gənclər arasında
mikromobilliyin təşviqi məqsədilə yeni tədbirlər planı hazırlanır
və yaxın aylarda ictimaiyyətə təqdim olunacaq.
AYNA-nın əməkdaşı Nicat Kazımov çıxışında şəhər mühitində
mikromobillik vasitələrinin düzgün istifadəsi, təhlükəsizlik
qaydaları və bu sahədə beynəlxalq təcrübə barədə məlumat verib.
Daha sonra Bakı şəhərində mikromobilliyin təkmilləşdirilməsinə
dair həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə
tələbələrlə fikir mübadiləsi aparılıb, onların çoxsaylı sualları
cavablandırılıb, təklifləri dinlənilib.
Tədbirin sonunda universitet ərazisində tələbələr üçün skuter
təlimi təşkil olunub, mikromobillik vasitələrinin təhlükəsiz idarə
olunması qaydaları praktiki şəkildə nümayiş etdirilib.

