
Bakı. Trend:
2026-cı ilin I rübündə banklar Azərbaycan Mərkəzi Bankının (AMB)
həm sterilizasiya yönümlü, həm də likvidliyin verilməsi yönümlü
daimi imkan alətindən istifadə ediblər.
Trend bu
barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata görə, bu ilin yanvar-mart ayları ərzində banklar
tərəfindən iş günlərinin 100%-də 1 gecəlik depozit daimi imkan
alətinə, 8%-də isə 1 gecəlik əks-repo alətinə müraciət olunub.
Vurğulanıb ki, Mərkəzi Bankın daimi imkan alətlərinə tələb bank
sektorunun likvidlik mövqeyindəki dəyişikliklərdən təsirlənib:
“Belə ki, yanvar-mart ayları ərzində orta həcmi 263 milyon manat
olan 53 gecəlik depozit və orta həcmi 275 milyon manat təşkil edən
4 gecəlik əks-repo əməliyyatı həyata keçirilib”.
“2026-cı ilin I rübündə pul siyasəti alətləri maliyyə
bazarlarında gedən proseslər və bank sisteminin likvidlik mövqeyi
nəzərə alınmaqla tətbiq edilib. Dövr ərzində likvidliyin idarə
olunması məqsədilə müxtəlif müddətli monetar əməliyyatların tətbiqi
davam etdirilib. Daimi imkan alətləri aktiv istifadə olunub, açıq
bazar əməliyyatlarının kəmiyyət parametrləri likvidliyin
proqnozlaşdırılması əsasında müəyyən edilib”, – məlumatda qeyd
edilib.

