
Bakı.Trend:
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, qarşıdakı
günlərdə ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, güclü və
arabir şiddətlənən külək, eləcə də müxtəlif intensivlikdə
yağıntıların müşahidə olunacağı gözlənilir. Bu cür hava şəraiti yol
hərəkətinin təhlükəsizliyinə ciddi təsir göstərir və əlavə risklər
yaradır.
Bununla əlaqədar yol polisi bütün yol hərəkəti iştirakçılarını
daha diqqətli olmağa və yol hərəkəti qaydalarına ciddi əməl etməyə
çağırır.
Trend xəbər
verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava
ilə bağlı xəbərdarlığında deyilir.
“Qeyd edirik ki, yağıntılı və küləkli havalarda sürücülər
hərəkət sürətini yol və hava şəraitinə uyğun seçməli, öndə hərəkət
edən nəqliyyat vasitəsi ilə təhlükəsiz ara məsafəsini qorumalı,
kəskin manevrlərdən və əsassız ötmələrdən çəkinməlidirlər.
Nəqliyyat vasitələrinin faraları və işıq siqnalları saz vəziyyətdə
olmalı, yaxın və qabarit işıqları daim yandırılmalıdır. Görünmə
məsafəsi azaldıqda duman əleyhinə işıqlardan yalnız zərurət
yarandıqda istifadə edilməli, qarşıdan gələn nəqliyyat vasitələrinə
mane olmamaq üçün uzaq işıqlardan istifadə olunmamalıdır.
Piyadalar məhdud görünmə şəraitində yolu yalnız müəyyən edilmiş
keçidlərdən keçməli, sürücülərin onları vaxtında görə bilməsi üçün
daha diqqətli və ehtiyatlı davranmalıdırlar.
Xüsusilə qeyd olunmalıdır ki, küləkli hava şəraiti ikitəkərli, o
cümlədən moped, motosiklet və skuter tipli nəqliyyat vasitələrinin
idarə olunmasında ciddi çətinliklər yaradır. Güclü küləyin təsiri
nəticəsində bu tip nəqliyyat vasitələrində müvazinətin itirilməsi
və aşma riski əhəmiyyətli dərəcədə artır ki, bu da həm sürücülər,
həm də digər nəqliyyat vasitələri və piyadalar üçün real təhlükə
yaradır.
Mövcud hava şəraitində hər bir yol hərəkəti iştirakçısının
məsuliyyətli davranışı, qarşılıqlı diqqət və anlayış nümayiş
etdirməsi yol-nəqliyyat hadisələrinin qarşısının alınmasında mühüm
rol oynayır”,- məlumatda bildirilir.

