
Bakı.Trend:
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) 17-22 may tarixlərində
Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası
(WUF13) ilə əlaqədar gücləndirilmiş, eyni zamanda, bütün aidiyyəti
qurumlarla koordinasiyalı iş rejimində fəaliyyət göstərəcək.
Bu barədə Trend-ə “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat
verilib.
Bildirilib ki, xüsusilə Bakı Dəmiryol Vağzalında, həmçinin
Koroğlu və Bakıxanov dayanacaqlarında gözlənilən yüksək sərnişin
trafikinin effektiv idarə olunması məqsədilə həmin məntəqələrə
əlavə heyət və könüllülər cəlb edilib. Könüllülər üçün ADY-də təlim
sessiyaları keçirilib, tədbir zamanı işin düzgün təşkili üçün
müvafiq qaydalar izah olunub.
Qeyd edək ki, WUF13 könüllüləri Abşeron dairəvi dəmir yolu
marşrutu üzrə qatarlarla ödənişsiz səfər edə bilərlər.
Forum günlərində sərnişinlərin və dəmir yolu infrastrukturunun
təhlükəsizliyinin tam təmin edilməsi üçün vağzallarda və qatarlarda
nəzarət tədbirləri gücləndiriləcək və bütün zəruri qabaqlayıcı
tədbirlər görüləcək. Hüquq-mühafizə orqanlarının iştirakı ilə
stansiyalarda təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət
gücləndiriləcək.
ADY Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında fəal
iştiral edərək tədbir çərçivəsində “Şəhərlərin inkişafı və
urbanizasiyada ADY-nin rolu” və “Şəhərlərin dəmir yolu vasitəsilə
transformasiyası” mövzularında infosessiyalar keçirəcək.
WUF13 günlərində hərəkət cədvəli barədə məlumatı dəmiryol
kassalarından, www.ady.az saytından, “ADY Mobile” tətbiqindən və ya
24/7 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə etmək olar.

