Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi Orta Asiya və Gürcüstanda silsilə tədbirlərlə anılıb (FOTO)

Baş səhifə

Bakı. Trend:

Bütün dünyada olduğu kimi Orta Asiya ölkələrində və Gürcüstanda
da müasir Azərbaycan dövlətinin memarı, Azərbaycan xalqının
Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü
münasibətilə silsilə anım tədbirləri keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata
görə, Daşkənd, Türküstan, Şimkənd, Rustavi, Qardabani, Dmanisi və
Sadaxlıda keçirilən tədbirlərin iştirakçıları Ulu Öndər Heydər
Əliyevin abidələri önünə gül dəstələri düzüb, onun əziz xatirəsini
bir dəqiqəlik sükutla yad ediblər.

Açıq dərslər, fotosərgilər, esse və inşa müsabiqələri zamanı
Heydər Əliyevin zəngin siyasi irsi, Azərbaycan dövlətçiliyinin
möhkəmləndirilməsindəki tarixi xidmətləri, gənclərə və təhsilə
göstərdiyi xüsusi diqqət, eləcə də ölkənin beynəlxalq nüfuzunun
artırılmasında oynadığı mühüm rol barədə ətraflı məlumat verilib.
Eyni zamanda Ümummilli Liderin həyat yoluna həsr olunan təqdimatlar
nümayiş etdirilib, şagirdlər tərəfindən onun dövlətçilik fəaliyyəti
ilə bağlı çıxışlar və ədəbi-bədii kompozisiyalar təqdim olunub.
Gənclərin fəallığı və Ulu Öndərin irsinə göstərdiyi maraq
tədbirlərin əsas diqqət mərkəzində olub və yüksək
qiymətləndirilib.

Çıxış edənlər dahi şəxsiyyət Heydər Əliyevin uzaqgörən
siyasətinin bu gün də Azərbaycanın inkişafına istiqamət verdiyini,
onun ideyalarının gənc nəslin milli-mənəvi dəyərlərə bağlı ruhda
formalaşmasında mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.
Tədbirlərdə, həmçinin, Azərbaycan ilə dost ölkələr arasında
əlaqələrin möhkəmləndirilməsində Ümummilli Liderin müstəsna
xidmətləri xüsusi qeyd olunub.




Keçirilən görüşlər və müzakirələrdə iştirakçılar əvəzolunmaz
dövlət xadimi Ulu Öndər Heydər Əliyevin müasir Azərbaycanın
formalaşmasında və inkişafında oynadığı tarixi rolu xüsusi
vurğulayıblar. Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti
nəticəsində ölkədə sabitliyin təmin olunduğu, dövlət quruculuğunun
möhkəmləndirildiyi və beynəlxalq əlaqələrin genişləndirildiyi
diqqətə çatdırılıb.

Silsilə anım tədbirləri Ulu Öndər Heydər Əliyevin zəngin irsinin
gələcək nəsillərə çatdırılması, milli-mənəvi dəyərlərin qorunması
və diaspor gənclərinin Azərbaycan həqiqətlərinə daha yaxından bələd
olması baxımından mühüm əhəmiyyət kəsb edir.

Məlumat üçün bildirək ki, tədbirlərin təşkilatçıları müvafiq
olaraq Özbəkistanın paytaxtı Daşkənddəki Respublika Azərbaycan
Milli Mədəniyyət Mərkəzi, Qazaxıstanın Türküstan vilayətindəki
Qarabağ Azərbaycan Etnomədəni Birliyi, Şimkənd şəhərindəki
Azərbaycan Mədəniyyət Mərkəzi, Gürcüstanda fəaliyyət göstərən
Rustavi Təhsil və Mədəniyyət Mərkəzi, Qardabani Təhsil və
İnteqrasiya Mərkəzi, Dmanisi Tədris Mərkəzi və Sadaxlı Təhsil və
İnteqrasiya Mərkəzidir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir