
Bakı.Trend:
Bu gündən etibarən Azərbaycanda ilk dəfə olaraq dəmir yollarında
“SİMA Pay” – üztanıma ilə ödəniş sistemi tətbiq olunub. İlkin
mərhələdə sistemdən Bakı Dəmiryol Vağzalı, Sumqayıt Dəmiryol
Vağzalı və “Koroğlu” dayanacağındakı turniketlərdən keçid zamanı
istifadə etmək mümkündür. Növbəti mərhələdə isə xidmətin Abşeron
dairəvi marşrutu üzrə bütün stansiya və dayanacaqlarda, daha sonra
isə ölkənin ümumi dəmir yolu şəbəkəsində tətbiqi
planlaşdırılır.
Yeni texnologiyanın sərnişin axınının idarə olunmasına, ödəniş
prosesinin sürətləndirilməsinə və nəqliyyat sisteminin
rəqəmsallaşdırılmasına necə təsir göstərəcəyi maraq doğurur.
Nəqliyyat eksperti Rauf Ağamirzəyev Trend-ə açıqlamasında bildirib ki, üztanıma ilə
ödəniş sistemi artıq dünyanın bir çox ölkəsində tətbiq edilir və
xüsusilə Çin bu sahədə həm tətbiq, həm də təqdimat baxımından ciddi
təcrübə formalaşdırıb. Onun sözlərinə görə, iri şəhərlərdə sərnişin
sıxlığının çox olduğu məkanlarda əsas məqsəd insanların daha
sürətli və rahat keçidini təmin etməkdir.
“Azərbaycanda sistemin ilkin mərhələdə Abşeron dairəvi dəmir
yolu xəttində tətbiqi təsadüfi deyil. Hazırda xətt üzrə 15 stansiya
fəaliyyət göstərir və gündəlik təxminən 42 min sərnişin daşınır.
Məqsəd keçid prosesini daha operativ təşkil etməkdir. 2030-cu ilə
qədər bu marşrut üzrə gündəlik sərnişin sayının 200 min nəfərə
çatdırılması nəzərdə tutulur”.
R.Ağamirzəyev digər nəqliyyat növlərində də rəqəmsal həllərə
ehtiyac olduğunu vurğulayıb: “Dəmir yolunda dayanacaqların sayının
məhdud olması və ödənişin məsafəyə uyğun hesablanması bu sistemin
tətbiqini asanlaşdırır. Lakin digər nəqliyyat növlərində proses
daha mürəkkəbdir. Çünki şəhər üzrə 3000-dən çox avtobus dayanacağı
mövcuddur və hazırda avtobuslarda ödəniş əsasən giriş hissəsində
həyata keçirilir. Halbuki dünyanın bir çox şəhərlərində sərnişin
axınının sürətləndirilməsi məqsədilə bütün qapılar üzrə ödəniş
sistemi tətbiq olunur”.
Ekspertin fikrincə, gələcəkdə metro infrastrukturunda da
məsafəyə əsaslanan model qurularsa, oxşar keçid və ödəniş
həllərinin tətbiqi mümkün ola bilər. O bildirib ki, ümumilikdə bu
proses geniş rəqəmsallaşma tələb edir və sərnişin axını artdıqca
belə texnologiyalara ehtiyac daha da aktuallaşır.
“2026–2028-ci illəri əhatə edən dövlət proqramı çərçivəsində
digər nəqliyyat növlərində də bu sistemlərin tətbiqi perspektivləri
mövcuddur. Burada əsas məsələlərdən biri nəqliyyat növləri arasında
sinxronizasiya və inteqrasiyanın təmin edilməsidir. Şəhər vahid
mobillik sistemi kimi fəaliyyət göstərməli, bir nəqliyyat növündən
digərinə məlumat ötürülməsi mümkün olmalıdır”, – deyə o əlavə
edib.
Ekspert hesab edir ki, həm Bakı, həm də Böyük Bakı konsepsiyası
çərçivəsində metro, avtobus və gələcəkdə yaradılması planlaşdırılan
tramvay şəbəkəsi vahid ekosistemin tərkib hissəsi kimi işləməlidir.
Bunun üçün bütün nəqliyyat sisteminin rəqəmsallaşdırılması, şəhər
infrastrukturunun müasir texnoloji həllərlə inteqrasiyası və
müvafiq platformaların qurulması əsas şərtlərdən biridir.
Nəqliyyat eksperti Eldəniz Cəfərov isə Trend-ə açıqlamasında
bildirib ki, bu model rəqəmsallaşmanın yeni elementlərindən biri
hesab oluna bilər. Onun sözlərinə görə, müasir dövrdə ağıllı
idarəetmə sistemləri yalnız rahatlıq deyil, həm də təhlükəsizlik və
operativ idarəetmə baxımından böyük əhəmiyyət daşıyır və Azərbaycan
bu istiqamətdə beynəlxalq təcrübəni tətbiq etməyə çalışır.
“İnkişaf etmiş ölkələrdə bu texnologiyalar xüsusilə insanların
sıx hərəkət etdiyi məkanlarda axının düzgün idarə olunması və
təhlükəsizlik tədbirlərinin gücləndirilməsi baxımından mühüm
nəticələr verir. Əsas məqsəd insan faktorunu minimuma endirmək,
vaxt itkisini azaltmaq və xidmət keyfiyyətini artırmaqdır”.
E.Cəfərovun sözlərinə görə, sistemin üstünlüklərindən biri də
giriş zonalarında sıxlığın azaldılması, kontaktsız keçid
imkanlarının yaradılması və sərnişin axınının daha effektiv idarə
olunmasıdır. O hesab edir ki, gələcəkdə bu texnologiyalar nəqliyyat
sahəsində statistik məlumatların toplanması və planlamanın daha
səmərəli aparılması baxımından da mühüm rol oynaya bilər.
“Azərbaycan son illərdə rəqəmsal xidmətlər sahəsində ciddi
təcrübə qazanıb. Elektron hökumət xidmətləri, ASAN xidmət modeli və
rəqəmsal ödəniş sistemlərinin geniş tətbiqi ölkədə bu sahə üzrə
texnoloji bazanın artıq formalaşdığını göstərir”, – deyə o əlavə
edib.

