Ümumdünya Şəhərsalma Forumu qlobal inkişaf modellərinin yenidən formalaşdığı mərkəzi platformadır – Vüqar Rəhimzadə

Baş səhifə

Bakı. Trend:

Azərbaycan COP29 tədbirindən sonra iştirakçılarının sayına görə
ikinci böyük və qlobal əhəmiyyətə malik tədbirə ev sahibliyi
edəcək. Artıq hazırlıq işləri yüksək səviyyədə həyata keçirilib.
Paytaxt Bakımız 180 ölkədən 32 mindən çox iştirakçını bir araya
gətirib “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı
şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunan Ümumdünya
Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) ev sahibliyinə
hazırdır.

Prezident İlham Əliyev mayın 12-də Bakı Olimpiya Stadionunun
ərazisində keçiriləcək tədbirlə bağlı görülən işlərlə tanış oldu.
Qeyd olundu ki, tədbir məkanı Bakı Olimpiya Stadionu və onun
ətrafında formalaşdırılan ümumi əməliyyat əhatə dairəsi üzrə 53
hektar təşkil edir. Bunun 43 hektarı əsas tədbir məkanı, 10 hektarı
isə əsas nəqliyyat terminalı və parklanma-transfer zonası kimi
planlaşdırılıb. Qeydiyyat, sessiya, sərgi, media, nəqliyyat,
texniki təminat, könüllülər və məkan xidmətləri vahid əməliyyat
sistemi kimi təşkil olunub. Ümumdünya Şəhərsalma Forumu əməkdaşlıq
üçün yeni imkanlar yaradacaq. Azərbaycan COP29 iqlim konfransında
olduğu kimi, Ümumdünya Şəhərsalma Forumu platforması vasitəsilə də
yeni tərəfdaşlar və dostlar qazanacaq, beynəlxalq əməkdaşlıq
imkanlarını genişləndirəcək Qlobal şəhərsalma gündəliyinin
Azərbaycanda müzakirə olunması, 180 ölkənin hər birinin öz
təcrübəsini bölüşməsi təqdirəlayiqdir. Müasir dövrdə şəhərsalma
yalnız infrastruktur quruculuğu ilə məhdudlaşmır, bu proses sosial
rifahın yüksəldilməsi, ekoloji tarazlığın qorunması və rəqəmsal
innovasiyaların vəhdətini təşkil edən mürəkkəb bir ekosistemdir. Bu
kontekstdə Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin nüfuzlu
tədbiri – Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13)
qlobal inkişaf modellərinin yenidən formalaşdığı mərkəzi platforma
kimi çıxış edir.

Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Vüqar
Rəhimzadə bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, bu gün Azərbaycanın
sosial-iqtisadi inkişaf strategiyasında paytaxt və regionların
tarazlı inkişafının təmin edilməsi və dayanıqlı məskunlaşmanın
təşviqi, Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf
Məqsədlərinə uyğunluqlar təsbit edilməklə, memarlıq və şəhərsalma
fəaliyyətinin prioritet istiqamətləri olaraq müəyyənləşdirilib.
Tarixi Zəfərimizin, suverenliyimizin bərpasının reallıqları
əsasında azad Qarabağımızda və azad Şərqi Zəngəzurumuzda aparılan
genişmiqyaslı bərpa-quruculuq işləri Azərbaycanın müasir şəhərsalma
təcrübəsinin təqdimatında əhəmiyyətli rol oynayır. Qarabağ və Şərqi
Zəngəzur müasir şəhərsalma prinsiplərinə əsaslanan intibah dövrünü
yaşayır. Bu torpaqlarda keçirilən Azərbaycan Milli Şəhərsalma
forumları özündə bugünümüz və gələcəyimizlə bağlı mühüm çağırışları
ehtiva edir. Bu tədbirlər Ümumdünya Şəhərsalma Forumunun 13-cü
Sessiyasına gedən yolun başlanğıcı kimi qəbul edildi. Ağdam,
Zəngilan və Xankəndi şəhərlərinin ev sahibliyi ilə keçirilən
Azərbaycan Milli Şəhərsalma forumlarının iştirakçılarının say
tərkibində hər dəfə nəzərə çarpan artımlar tədbirin əhəmiyyətini,
müzakirəyə çıxarılan mövzuların aktuallığını, ən əsası tədbirin
keçirildiyi məkanların rolunu bir daha təsdiqlədi. Artıq paytaxt
Bakı ilə yanaşı, regionlarımızın, işğaldan azad edilmiş
ərazilərimizin diplomatik mərkəz kimi dünyanın diqətində olması
onların müasir şəhərsalma standartlarına yüksək səviyyədə cavab
verdiklərini sübut edir. Bir sözlə, ölkədə həyata keçirilən
şəhərsalma proqramları, müasir infrastruktur layihələri və işğaldan
azad olunmuş ərazilərdə quruculuq işləri bu sahədə Azərbaycanı
regionun qabaqcıl ölkələrindən birinə çevirib.




Vüqar Rəhimzadə vurğulayıb ki, Azərbaycan qlobal çağırışları
özündə ehtiva edən bu kimi tədbirlərə ev sahibliyi ilə beynəlxalq
aləmdə söz sahibliyini, liderliyini təsdiqləyir. Hər bir ölkənin
təqdimatında onun sabit, təhlükəsiz məkan olması əsas faktorlardan
biridir. Azərbaycanın mötəbər beynəlxalq tədbirlərə uğurla ev
sahibliyi etməsini şərtləndirən amillərdən biri məhz budur. Ən
təhlükəsiz ölkə kimi tanınan Azərbaycanın bu gün regionda dayanıqlı
sülhün və təhlükəsizliyin təmin edilməsinə verdiyi töhfələr
beynəlxalq səviyyədə təqdir edilir. Ümumdünya Şəhərsalma Forumunun
13-cü Sessiyasının müzakirəyə çıxardığı mövzu günümüzün əsas
hədəfini açıqlayır. Bakı Forumunda əsas müzakirə mövzusu olacaq
dayanıqlı və təhlükəsiz şəhərlərin qurulması təcrübə mübadiləsini,
səylərin birləşdirilməsini bir tələb kimi qarşıya qoyur. Şəhərsalma
hər bir ölkənin müasirliyə, yeniliyə önəmini nümayiş etdirməklə
yanaşı, iqtisadi imkanlarının təqdimatında mühüm rol oynayır. Bu
baxımdan Azərbaycanın dayanıqlı iqtisadi inkişafı qarşıya qoyulan
hər bir hədəfə doğru inamla irəliləməsini şərtləndirir.
Şəhərlərimiz sürətlə böyüyür, bu prosesin planlı və dayanıqlı
olması gələcək nəsillərin rifahı üçün həyati əhəmiyyət daşıyır.
Azərbaycan inkişaf strategiyasında bütün bu məqamlara xüsusi önəm
verir.

Millət vəkili bildirib ki, mayın 17-dən 22-dək davam edəcək
Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası gündəmə gətirdiyi
məsələlərlə bağlı uğurlu nəticələrin əldə edilməsi ilə tarixə
düşəcək. Buna əsas verən Azərbaycanın bu sahədə zəngin təcrübəyə
malik olması, eyni zamanda, ev sahibliyi etdiyi hər bir tədbirin
uzun illər uğurlu nəticələri ilə diqqətdə olmasıdır. 2024-cü ildə
ev sahibliyi etdiyimiz COP29 iqlim konfransının nəticələri bu gün
də dünya mətbuatında geniş müzakirə edilir. Həmin tədbir iqlim
diplomatiyasında dönüş nöqtəsi kimi dəyərləndirildi. 80 ölkənin
dövlət və hökumət başçısının, qeydiyyatdan keçmiş 76 mindən çox
iştirakçının qatıldığı COP29-un çox yüksək səviyyədə keçirilməsinin
qonaqlarda yaratdığı xoş təəssüratlardan qürur duyduq. Azərbaycan
inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpülərin
qurulması üçün səylərini əsirgəmədi və bunun nəticəsində dünya
tarixi Bakı nailiyyətinə şahid oldu. COP29 çərçivəsində ölkəmizin
təşəbbüsü ilə şəhərsalma və iqlim tədbirlərinin inteqrasiyasına
həsr edilmiş xüsusi Nazirlər Görüşü əvvəlki illərdən fərqli olaraq
bütün gün ərzində davam edən genişformatlı tədbirə çevrildi.
Prezident İlham Əliyev Bakı nailiyyətini çoxtərəfliliyin təntənəsi
kimi qiymətləndirərək onu da bildirmişdir ki, mübaliğəsiz deyə
bilərik ki, Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi
tarixə düşəcək.

Vüqar Rəhimzadə ümumiləşdirilmiş şəkildə qeyd edib ki, Ümumdünya
Şəhərsalma Forumunun 13-cü Sessiyası mühüm dialoq məkanı rolunu
oynayacaq. Bu Forum ölkələrə ötən dövrdə əldə olunmuş təcrübələri
müzakirə etmək və gələcək üçün yeni, innovativ model
müəyyənləşdirmək imkanı yaradacaq. Azərbaycan üçün bu Forum həm
ölkəmizin qlobal şəhərsalma gündəliyindəki mövqeyini
möhkəmləndirmək, həm də regionda dayanıqlı və ağıllı şəhərsalma
modellərini təşviq etmək üçün əvəzsiz platformadır. Hazırda
Azərbaycan azad edilmiş ərazilərdə həyata keçirdiyi “ağıllı şəhər”
və “ağıllı kənd” strategiyasının uğurları ilə diqqətdədir. Bu
strategiya rəqəmsal transformasiya, dayanıqlı urbanizasiya və
əhalinin yüksək rifah halını hədəfləyir, xüsusilə işğaldan azad
edilmiş ərazilərdə ənənəvi modeldən fərqli, innovativ
texnologiyalara əsaslanan yeni yaşayış məntəqələrinin qurulmasını
təmin edir. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dailr Milli
Prioritetlər”də Qarabağın və Şərqi Zəngəzurun yaşıl zonaya və
dayanıqlı inkişaf məkanına çevrilməsi hədəflənib. Tədbirdə Qarabağ
və Şərqi Zəngəzurda həyata keçirilən misilsiz yenidənqurma və
şəhərsalma modeli, həmçinin işğaldan azad edilmiş ərazilərimizdə
tətbiq edilən “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları, bu
regionların yaşıl enerji zonasına çevrilməsi ilə bağlı görülmüş
işlər müasir urbanizasiya və ekoloji bərpa sahəsində qabaqcıl
nümunələr kimi dünya ictimaiyyətinə təqdim ediləcək. WUF13,
həmçinin WUF tarixində ilk dəfə Liderlər Sammiti seqmentinin
proqrama daxil edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu
mötəbər tədbirdə 32 mindən artıq iştirakçının bir araya gəlməsi
Azərbaycanın uğurudur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir