
Bakı. Trend:
Azərbaycan və Meksika Dünya Şəhər Forumunun (WUF13) 13-cü
sessiyası ərəfəsində çoxtərəfli əməkdaşlığın gücləndirilməsi
məsələlərini müzakirə ediblər.
Trend-in
məlumatına görə, bu barədə Meksikanın Çoxtərəfli İşlər və İnsan
Hüquqları üzrə nazirinin müavini Enrike Oçoa sosial media hesabında
yazıb.
“Meksika nümayəndə heyətinin Bakıda keçiriləcək Dünya Şəhər
Forumunun 13-cü sessiyasında iştirakı ərəfəsində Azərbaycanın
Meksikadakı səfiri Seymur Fətəliyevi qəbul etdik. Meksika nümayəndə
heyətinin iştirakının son detallarını müzakirə etdik. Əminik ki,
forum mənzil məsələlərinin həlli və Yeni Şəhər Gündəliyinin həyata
keçirilməsinin irəliləməsi üçün uğurlu platforma olacaq”, – Oçoa
qeyd edib.
Tərəflər həmçinin çoxtərəfli əməkdaşlığın gələcək perspektivləri
barədə fikir mübadiləsi aparıblar.
WUF13 2026-cı il mayın 17-dən 22-dək Bakıda UN-HABITAT proqramı
və Azərbaycan hökuməti arasında əməkdaşlıq çərçivəsində
keçiriləcək. Forumda müxtəlif ölkələrdən hökumətlərin,
bələdiyyələrin, özəl sektorun, vətəndaş cəmiyyətinin, gənclərin,
akademik ictimaiyyətin və beynəlxalq təşkilatların nümayəndələri
iştirak edəcəklər.

